Xəbərlər

Fənn olimpiadalarının yarımfinal turunda iki mindən çox Bakı məktəblisi iştirak edib

Bakı, 7 aprel, AZƏRTAC


Aprelin 7-də Bakı şəhərində respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.


Respublika mərhələsinin yarımfinal turunda Bakı şəhəri üzrə 2.264 şagird iştirak edib. 


Bakı şəhəri üzrə yarımfinal turu 18, 32, 189-190 və 276 nömrəli tam orta məktəblərdə keçirilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, olimpiadaların respublika mərhələsinin yarımfinal turunda IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıblar. İnformatika fənni üzrə olimpiada isə aprelin 8-də Bakı Mühəndislik Universitetində təşkil olunacaq.


Bundan əlavə, bilik yarışında xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən VII, VIII sinif şagirdləri də IX siniflərlə yanaşı, bilik və bacarıqlarını nümayiş etdiriblər.


Fənn olimpiadalarının yarımfinal turunda yuxarı nəticə göstərən şagirdlər final mərhələsində iştirak hüququ qazanacaqlar.  


Olimpiadaların keçirilməsinin məqsədi istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır. 


Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə keçirilir.