Nağıllar, hekayələr

Heraklın ikinci qoçaqlığı. "Heraklın Lerney əjdahası ilə savaşı"

Nemey şiri Heraklı əldən salmışdı. Bu heyvanı təqib edə-edə dağları-təpələri o qədər dırmaşmışdı ki, yorğunluqdan ayaq üstə dura bilmirdi. Buna görə də qərara gəldi ki, Lerney bataqlığınadək cəng arabasında getsin. Həm yolu tez qət etsin, həm də bir az dincəlsin. Bunun üçün yaxşı sürücü tapmaq lazım idi. Amma Heraklın dostlarından hərəsi bir bəhanə ilə ona yoldaş olmaq təklifini rədd etdi. Heç kim onunla bu təhlükəli səfərə çıxmaq istəmirdi.

 

Bu yerdə İfiklin oğlu İolay əmisindən xahiş etdi ki, onu da özü ilə aparsın. İolay yaşca kiçik olsa da, fərasətli uşaq idi, özü də babası Amfitrionun dörd atlı cəng arabasını çox yaxşı sürürdü. Odur ki, Herakl qardaşı oğlunu özü ilə aparmaq qərarına gəldi.

 

Köhlən atlar yüyəni gəmirə-gəmirə irəli şığıdılar və çox keçmədən böyük, üfunətli bir bataqlığın kənarına çatdılar. Burada gözəl bir çeşmə var idi. Çeşmədən o tərəfdəki ucsuz-bucaqsız torpaq topaları qırmızımtıl rəngli zəhərli kiflə örtülmüşdü. Bu ərazidə mamırdan başqa bitki yox idi; ara-sıra qurumuş kollar görünürdü.

 

Herakl İolaya tapşırdı ki, atların yanında qalsın, özü isə Hermesin ona bağışladığı müqəddəs qılıncı götürüb bataqlığa ayaq basdı. Onun ayaqları dərhal mamırların içinə batdı, ayaqlarının altındansa rəngbərəng qovuqlar çıxmağa başladı. Zəhərli otların iyindən nəfəsi tıncıxan Herakl ayaqlarını  ehmalca basaraq bir torpaq topasından o birinə adlayırdı. Çirkab içində balaca adacıqlara bənzəyən torpaq topaları onun ayağı altında yırğalanırdı. Herakl özünü yıxılmaqdan güclə saxlayırdı. Birdən onun ayağı torpaq təpəcikdən sürüşdü və o, qurşağa qədər mamıra batdı. Herakl yanındakı torpaq topasında bitmiş kiçik koldan yapışdı, lakin kol quru olduğundan kökündən çıxıb Heraklın əlində qaldı. Bir az da keçsəydi, bataqlıq onu tamam udacaqdı, amma o, bir addım da atdı və ayağının altındakı yerin bərk olduğunu hiss edib sevindi.  Herakl barmaqlarının ucunda dayanıb mamırlardan yapışdı. İolayı səsləyib qışqırdı ki, atların cilovlarını ona atsın. İolay cəld cilovların ucuna daş bağlayıb Herakla sarı atdı. Herakl daşı tutub bərk-bərk cilovlardan yapışdı. İolay atları mahmızladı. Yerindən götürülən atlar Heraklı batdığı yerdən çəkib çıxardı.

 

Herakl ayaqlarını zəhərli palçıqdan təmizləyib ayağa qalxmaq istəyirdi ki, İolayın dəhşətlə çığırdığını eşitdi. İldırım sürətilə qardaşı oğluna tərəf şığıyan herakl gördü ki, qorxusundan arabanın içində atılıb düşən oğlan əli ilə qurumuş sıx qamışlığı göstərir. Herakl uşağın göstərdiyi tərəfə baxanda tükləri biz-biz oldu. İyrənc, bədheybət bir heyvan bataqlıq mamırlarının üzəri ilə sürünə-sürünə düz onun üstünə gəlirdi. Bu, doqquz başlı Lerney əjdahası idi. Qorxunc başların doqquzu da haça dilini sağa-sola tərpədir və müdhiş bir səslə fışıldayırdı. Torpaq topaları əvvəlki kimi yenə də Heraklın ayaqları altında yırğalanırdı. Qəhrəman döyüşçü başa düşdü ki, bataqlıq yerdə əjdaha ilə çarpışmaq mənasız işdir. Odur ki, Herakl addım-addım sahilə doğru çəkilərək əjdahanı bataqlıqdan kənara çıxartmağa çalışdı.

 

Herakl yenə batacağından qorxaraq yavaş-yavaş hərəkət edirdi, doqquz başlı əjdaha isə, əksinə, getdikcə daha artıq sürətlə ona tərəf gəlirdi. Qorxunc əjdaha tezliklə gəlib Herakla çatdı. Özünü itirməyən qəhrəman qılıncı ilə əjdaha başlarından qoruna-qoruna birtəhər bataqlığın kənarına çıxdı. Herakl sahilə ayaq basan kimi əjdaha geri döndü. Bataqlıqda heç kəsin ona hücum edə bilməyəcəyindən əmin olan əjdaha yavaş-yavaş sürünüb qamışlıqda yox oldu. Sanki, bu bataqlıq onun şəxsi malikanəsi idi.

 

Herakl Evrisfeyin onu necə çətin bir iş dalınca göndərdiyini yalnız indi başa düşdü. O, qorxudan titrəyən İolayı sakitləşdirdi, qorxunc fışıltıdan  şaşırıb bir-birinə qısılmış atları tumarlayıb toxtaqlıq verdi. Bundan sonra əjdahanı necə aldadıb sahilə çıxarmağın yolları barədə düşünüb-daşınmağa başladı.

 

Bir qədər fikirləşdikdən sonra Herakl çıxış yolunu tapdı və İolaya əmr etdi ki, arabaya minib bataqlığın külək əsən şimal kənarına getsin və qurumuş qamışlığa od vursun. O, qardaşı oğluna dönə-dönə tapşırdı ki, bataqlığa girməsin, həmişə ondan kənarda dursun. İolay onun dediyinə əməl etdi. Çox keçmədən qamışlığın o başından alovun dilləri göründü və tüstü bataqlığa yayılmağa başladı. Bu dəhşətli bir yanğın idi. Acı tüstü bataqlığın səthi ilə sürünürdü və külək də onu Lerney əjdahasının gizləndiyi yerə tərəf qovurdu. Dəhşətli heyvan alov görən kimi gizləndiyi yerdən çıxdı və meşəyə çəkilmək məqsədi ilə sahilə tərəf sürünməyə başladı. Herakl iti qılıncını başı üzərinə qaldıraraq əjdahanı gözləyirdi. Əjdahanın birinci başı görüncək fürsəti əldən verməyən Herakl ayağını onun boğazına qoyub bir zərbə ilə başı bədəndən ayırdı. Elə bu dəm qalan səkkiz baş haça dilini uzadıb hər tərəfdən Herakla hücum etdi. Əjdaha öz nəhəng bədəni ilə dəmir buxov kimi Heraklın ayaqlarına sarıldı. Herakl yorulmadan vuruşurdu. Onun qılıncı havada ildırım kimi parlayır, bir-birinin ardınca əjdahaya zərbələr endirirdi. Herakl artıq ilanın daha yeddi başını bədənindən ayırmışdı., doqquzuncu başı isə heç cür üzə bilmirdi, çünki bu baş ölməz idi. Herakl qılıncı ilə nə qədər güclü zərbə endirirdisə də, qılıncın tiyəsi bu başdan keçir, amma onun üzərində heç iz də buraxmırdı.

 

Nəhayət, Herakl güclü əlləri ilə əjdahanın doqquzuncu başından yapışaraq onu boğmaq istədi. Elə bu zaman o, kəsilmiş səkkiz başın yerində yeni başlar əmələ gəldiyini gördü. Bu başlar əvvəlkindən daha kəskin qəzəblə ona hücum edirdilər. Herakl bir qədər geri çəkilərək qılıncı ilə əjdahanın yeni əmələ gəlmiş başlarını üzməyə cəhd etdi, lakin dəhşət burasında idi ki, hər kəsilən başın yerində dərhal təzəsi bitirdi. Ortadakı ölməz baş isə o biri başlardan daha qorxunc səslə fışıldayırdı.

 

Çox keçmədi ki, Herakl sağa-sola qılınc çalmaqdan, əjdahanın başlarını kəsməkdən yoruldu. Artıq əjdahaya qalib gələcəyinə ümidi kəsilirdi. Birdən onun ağlına bir fikir gəldi. İolayı səsləyib dedi ki, tez bir budağı yandırıb ona gətirsin. Ağıllı oğlan bir kösövü yelləyərək qaça-qaça Heraklın yanına gəldi. Herakl əjdahanın başlarını kəsdikcə İolay qızmar kösövü basıb qanlı yaranı dağlayırdı. Əjdahanın boğazları büzüşür və onların üzərində bir daha yeni başlar əmələ gəlmirdi. Bu minvalla, Herakl zəhərli Lerney əjdahasının səkkiz başını məhv etdi. Əjdahanın doqquzuncu ölməz başını isə ayaqları altına alıb onun üstünə daşlar yığmağa başladı. Beləcə bu başı diri-diri daşların altında basdırdı. Lerney əjdahası nə qədər o tərəf-bu tərəfə çırpındısa da, tək qalmış yeganə başını ağır daş qalağı altından çəkib çıxara bilmədi.

 

Herakl qızıl oxlarını çıxarıb onların ucluqlarına əjdaha zəhəri sürtdü ki, nəyə dəysə, dərhal öldürsün. O, əjdahanın kəsilmiş başlarını bir torbaya yığıb cəng arabasına atıldı. İolaya dedi ki, birbaş Arqos şəhərinə çapsın. Onlar tez bir zamanda Evrisfeyin sarayına çatdılar.

 

Həmişəki kimi qorxu içində olan Evrisfey artıq Heraklın uğurundan xəbərdar idi və Heranın məsləhəti ilə onun üçün yeni tapşırıq hazırlamışdı. Kəsilmiş əjdaha başlarına baxmağa cürət etməyən Evrisfey elə sarayın Astanasından çığıra-çığıra tələb etdi ki, Herakl evə girməyib dərhal qorxunc Eriman qabanını ovlamağa yollansın.

 

(Ardı var...)