Xəbərlər

“Coğrafiya” dərs vəsaiti çapdan çıxıb

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminovun həmmüəllif olduğu “Coğrafiya” dərs vəsaiti çapdan çıxıb.

 

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Landau” məktəbinin sifarişi ilə ərsəyə gələn və imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri, müəllimlər üçün nəzərdə tutulan bu dərs vəsaiti Təhsil Nazirliyinin təsdiq etdiyi fənn kurikulumunun tələbləri və dərsliklər əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qəbul proqramına tam uyğundur və bütün proqramı əhatə edir.

 

Dərs vəsaiti “Coğrafiya elminin inkişaf tarixi”, “Kartoqrafik təsvirlər”, “Kainat və Günəş sistemi”, “Litosfer”, “Atmosfer”, “Hidrosfer”, “Biosfer və coğrafi təbəqə”, “İqtisadi və sosial coğrafiya”, “Təbii ehtiyatlar”, “Dünya əhalisinin coğrafiyası”, “Dünya təsərrüfatı”, “Bəşəriyyətin qlobal problemləri” başlıqları altında tərtib olunub.

 

Hər bölmədə nəzəri materiallar yığcam və sadə şəkildə təqdim edilib. Vəsaitin sonunda orta məktəb coğrafiya kursunda istifadə edilən əlavə materiallar da verilib.

 

Qeyd edək ki, 12 bölmədən ibarət kitabın 5 bölməsi Z.Eminov tərəfindən hazırlanıb.