Nağıllar, hekayələr

Heraklın beşinci qoçaqlığı. “Heraklın Stimfal quşlarını qovması”

Evrisfeyin növbəti əmrini eşidən Herakl öz-özünə güldü. O fikirləşdi ki, Evrisfey, yəqin, daha bir şey fikirləşib tapa bilmir deyə ona belə asan tapşırıq verir. Yaxşı oldu, Kireney maralı dalınca qaçışın yorğunluğunu bu səfərdə çıxar. Herakl arxayın-arxayın Stimfal şəhərinə, oradansa bu qəribə quşların yaşadığı qalın meşəyə getdi.

 

Hələ meşəyə çıxmamış Herakl iri Stimfal quşlarının böyük dəstələrinə rast gəldi. Bu quşların bir qismi havada süzür, bir qismi yerdə atılıb düşürdü. Quşların bir hissəsi isə ağaclarda oturub elə bərkdən qaqqıldaşırdılar ki, səsdən Heraklın qulaqları batırdı. Quşlar dəstə ilə havaya qalxdıqda isə ətrafı qulaqbatırıcı cingilti səsləri bürüyürdü. Bu cingiltini eşidən Herakl öz-özünə düşündü: “Yoxsa bu quşların lələkləri misdəndir?”. O, düz tapmışdı: Stimfal quşlarının iti, qorxunc dimdikləri, qarmağa oxşar caynaqları və lələkləri xalis misdən idi.

 

Herakl quşlara diqqətlə baxanda başa düşdü ki, bu sərgüzəşti heç də o birilərdən asan olmayacaq. O, nə edəcəyi barədə düşünürdü ki, birdən yırtıcı quşların böyük bir dəstəsinin onun üzərinə şığıdığını gördü. Onların mis lələklərinin cingiltisi ətrafı bürümüşdü. Quşlar bir-birinin ardınca Heraklın başı üstündən süzüb keçirdi. Elə bu zaman böyük bi ox Heraklın başına örtdüyü Nemey şirinin dərisindən keçərək onun saçlarına ilişdi. Oxların haradan gəldiyini anlamayan Herakl göyə baxdı və gördü ki, başı üzərində süzən Stimfal quşları qanadlarını silkələyərək ona tərəf iti, parlaq lələklərini tullayırlar. Bu lələklərin hər biri adi oxdan iki qat iti və ağır idi. Onlar insan bədənini asanlıqla dəlib keçə bilərdi.

 

Herakl cəld öz toppuzunu yerə çalıb şir dərisini üstünə çəkdi və bu kiçik daş qalanın içərisində çömbəlib oturdu. Qəfil hücumdan özünə gələn Herakl hərb ilahı Apollonun bağışladığı qızıl oxları kamana qoyub quşlara tərəf atmağa başladı. Sərrast ovçunun atdığı oxların hamısı hədəfə dəyir və quşlar bir-bir yerə düşürdü. Lakin onların sayı-hesabı yox idi, Heraklın isə cəmisi on iki dənə qızıl oxu var idi. Herakl oxlarının hamısını atıb qurtardıqdan sonra ox əvəzinə quşların mis lələklərini atmağa, Stimfal quşlarını onların öz silahı ilə vurmağa başladı. Lakin quşların ardı-arası kəsilmirdi. Herakl başa düşdü ki, o nə qədər sərrast atsa da, bu mis qanadlı yırtıcı quşların hamısını qırıb qurtarmaq mümkün olmayacaq. Buna görə də o, quşları ovlamaqdan vaz keçdi və Nemey şirinin dərisi altında dərin yuxuya getdi. Bu dəfə də ilahə Afina Heraklın yuxusuna girib ona məsləhət gördü ki, uşaqların şaxşax oyuncağına bənzər çoxlu sayda pərli şaxşaxlar düzəltsin.

 

Herakl müdriklik ilahəsinin fikrini başa düşdü. Yuxudan oyanan kimi o, yaxın kəndlərdən birinə gedib kənd əhalisinin köməyilə çoxlu şaxşax hazırladı. Elə ki külək başladı, şaxşaxların hamısı birdən sürətlə fırlandı və qulaqbatırıcı şaqqıltı səsi ətrafı bürüdü. Gecə düşəndə Herakl pərli şaxşaxların hamısını yığıb Stimfal meşəsinə apardı və onları quşların yuva tikdiyi ağacların dibinə düzdü.

 

Külək qopdu və şaxşaxlar hərlənib şaqqıldamağa başladı, meşəni qulaqbatırıcı bir səs bürüdü. Hürkmüş quşlar yuvalarından havaya qalxdılar və qüssəli bir bağırtı ilə öz yurdlarını tərk edərək uzaq ölkələrə uçub getdilər. Herakl isə vurduğu misi quşlardan bir neçəsini götürüb Evrisfeyin hüzuruna apardı.

 

(Ardı var...)