Şeirlər

Hüseyn Cavid. "Qız məktəbində"

— Quzum, yavrum! Adın nədir?


— Gülbahar.


— Pəki, sənin anan, baban varmı?


— Var.


— Nasıl, zənginmidir baban?


— Əvət, zəngin, bəyzadə...


— Öylə isə, geydiyin geyim neçin böylə sadə?


Yoxmu sənin incilərin, altun bilərziklərin?


Söylə, yavrum! Heç sıxılma...


— Var əfəndim, var… lakin 


Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.


— Çox doğru söz… Bu dünyada sənin ən çox sevdiyin

Kimdir, quzum, söylərmisən?


— Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.


— Sonra kimlər?


— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?


— Var...


— Kimdir onlar?


Anam, babam, müəlliməm, bir də bütün insanlar…