Xəbərlər

Məktəblilərin Xalq Təhsili Muzeyinə ekskursiyaları davam edir

Bakı, 13 aprel, AZƏRTAC 

 

Paytaxt məktəblilərinin Xalq Təhsili Muzeyinə ekskursiyaları davam edir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun və Xalq Təhsili Muzeyinin əməkdaşlığı ilə keçirilən ekskursiyaların əsas məqsədi məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşlərini, bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini öyrətmək və təbliğ etməkdir.

 

Şagirdlər muzeydə Azərbaycan təhsilinin inkişaf tarixi, tanınmış pedaqoqların fəaliyyəti və məktəblərin qabaqcıl təcrübəsi barədə məlumatlandırılır, eyni zamanda tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs ləvazimatları, müxtəlif illərə məxsus dərsliklər, proqramlar, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olurlar.

 

 

Bundan əlavə, ekskursiyalar zamanı müasir dövrümüzə qədər təhsil sisteminin formalaşma mərhələləri, böyük maarifçilərin, elm və dövlət xadimlərinin, pedaqoji ictimaiyyət nümayəndələrinin bu sahədə göstərdikləri xidmətlər xronoloji ardıcıllıqla şagirdlərin diqqətinə çatdırılır.

 

Ekskursiyalarda otuz təhsil müəssisəsindən 750 məktəbli, 150 pedaqoji işçi və valideyn iştirak edib. Tədris ilinin  sonunadək daha 23 ümumtəhsil müəssisəsi üzrə şagird, müəllim və valideynlərin ekskursiyalarda iştirakı nəzərdə tutulur.