Nağıllar, hekayələr

Heraklın altıncı qoçaqlığı. “Heraklın Avginin tövləsini təmizləməsi”

Heraklın göstərdiyi qoçaqlıqların sorağı ölkələri, şəhərləri dolaşaraq dünyanın hər tərəfinə yayılmaqda idi. Hər yerdə adamlar və ilahlar bu qoçağı tərifləyirdilər. Heraklın şöhrəti artdıqca Evrisfey ona daha çox paxıllıq edirdi. Kinli və qorxaq hökmdar görürdü ki, Zevsin oğlu heç bir çətin işdən çəkinmir. Bundan başqa o, qorxmaz nökərin öz ağciyər ağasına ikrahla yanaşdığını da açıq-aydın hiss edirdi. Buna görə də kinli Evrisfey səhərdən axşamadək vurnuxur, qoçaq Heraklı aradan götürməyin, heç olmazsa, rüsvay etməyin yollarını arayırdı. Hiyləgər Heranı yuxuda görmək arzusu ilə yaşayan Evrisfey hər gecə yatmazdan əvvəl bir dolu qədəh arpa arağı içirdi ki, möhkəm yuxulasın. Lakin ilahə Hera hələ heç bir tədbir düşünüb tapa bilmədiyindən Evrisfeyin yuxusuna girmirdi, o da yuxusunda ilahəni deyil, cürbəcür sarsaq şeylər görürdü. Səhər də qəzəbli halda durub dəyənəklə saray qulluqçularını kötəkləyirdi. Onun da gücü köməksiz qulluqçulara çatırdı.
 
Nəhayət, bir gün Hera tacirlərin ilahı çoxbilmiş Hermesin yanına məsləhətə getdi. Hermes qardaşı Heraklı çox istəyirdi. Lakin öz ağlını göstərmək, adamların və ilahların həll edə bilmədiyi məsələlərdən çıxış yolu tapmaq ona hər şeydən çox xoş gəlirdi.
 
Hermes Heranı dinləyib gülümsündü və dedi ki, o, elə bir iş tapa bilər ki, Herakl onu yerinə yetirə bilməsin. Bunun üçün Herakl Elida şəhərinin hakimi Avginin yanına göndərilməli və ona tapşırılmalıdır ki, hökmdarın sehrli öküzlərinin saxlandığı tövləni təmizləsin. Avginin tövləsini indiyə qədər heç kəs təmizləməyib və illərdən bəri tövlədə o qədər peyin yığılıb qalıb ki, onu təmizləməyə bir insan ömrü bəs etməz. Hermes məsləhətini verib Heraya dedi:
- Herakl tövləyə baxan kimi oradakı peyini təmizləməkdən boyun qaçıracaq, çünki yalnız axmaq adam belə ümidsiz işə girişər.
Bu məsləhəti çox bəyənən Hera yubanmadan Evrisfeyin yuxusuna girdi, o isə yatağından sıçrayıb qalxaraq Herakla əmr etdi ki, Avginin tövləsini təmizləməyə getsin.
 
Xoşagəlməz və çirkin işə göndərildiyindən xəbər tutan Herakl yaman pərt oldu. Bir çox başqa gənclər kimi o da yalnız ox vıyıltısı və qılınc cingiltisi olan işləri təhlükəli sayır və yalnız belə işləri özünə layiq bilirdi. Herakl əsl qoçaqlıq göstərməkdən heç vaxt boyun qaçırmazdı, lakin peyinlikdə eşələnmək onu heç açmırdı. Herakl bu fikirlərdə ikən ağıllı ilahə Afina onun qulağına pıçıldadı ki, bu, adamlar üçün çox faydalı bir işdir. Görülməsi çətin və vacib olan hər bir faydalı iş isə əsl qoçaqlıqdır. Herakl bir qədər düşündükdən sonra vaxtilə özünə verdiyi sözü xatırladı və dinməz-söyləməz böyük bir beli çiyninə alıb Avginin hüzuruna getdi.
 
Avgi Yer üzündə ən dövlətli hökmdar idi; çünki atası ona üç min qar kimi ağ, iki min qan kimi qırmızı və bir dənə də gecə ulduz kimi parıldayan qəribə öküz bağışlamışdı. Bütün öküzlər elə böyük və qızğındılar ki, heç bir kəs cürət edib onların tövləsinə girə bilməzdi. Buna görə də tövlədəki peyin artıq öküzlərin qarnına çatırdı. Tövlədən qalxan çürümüş küləşin iyi isə ətrafdakı əhaliyə çox əziyyət verirdi.
 
Herakl Elida şəhərinə çatıb bütün günü tövlələrin ətrafına dolaşdı. İçəridən sehrli öküzlərin qorxunc böyürtüsü və qızıl zəncirlərinin cingiltisi eşidilirdi. Herakl ətrafı gəzib tövlələrin arxasındakı uzun dərəyə və dağdan axıb gələn coşğun Alfey və Peney çaylarına baxdı. O, özünə lazım ola biləcək hər şeyi diqqətlə nəzərdən keçirdikdən sonra hökmdar Avginin hüzuruna gəldi. Heraklın qoçaqlığından xəbərdar olan Avgi onu hörmətlə qarşılayıb sarayında Heraklın şərəfinə məclis qurdu. Məclisin şirin yerində Herakl gəlişinin məqsədini açıqladı. O, Avgiyə dedi ki, əgər hökmdarın çobanları öküzləri qovub tövlələrdən çıxarsalar, o, bircə gündə tövlələri təmizləyə bilər. Heraklın belə arxayın-arxayın danışdığını eşidən Avgi bərkdən güldü. Avginin gülüşünü eşidən tövlədəki öküzlər də bir ağızdan böyürüb sanki bu gülüşə səs verdilər. Avginin süfrəsi arxasında oturmuş qonaqlar da öküzlərin böyürtüsünə  oxşar bir səslə qəhqəhə çəkib güldülər. Qonaqların ardınca qullar və nökərlər də gülməkdən uğunub getdilər.
 
Qonaqlardan bəziləri saraydan çıxıb Heraklın çox lovğalandığını cəngavərlərə demişdilər. Cəngavərlər də bunları eşitcək qalxanlarını yerə atıb gülməkdən qəşş elədilər. Çox keçmədən bütün şəhər Heraklı lağa qoyub gülməyə başladı, sehrli öküzlər də öz tövlələrində ayaqlarını yerə vuraraq bərkdən böyürürdülər. Amma Herakl qətiyyən pərt olmadı. Yeməyinə davam edib qarnını möhkəmcə bərkitdi. Avgi isə doyunca güldükdən sonra göz yaşını silib dedi:
-Herakl, mən səninlə mərc gəlirəm ki, tövlələri heç bir ilə də təmizləyib qurtara bilməzsən.
 
Avgi dediklərinə çox əmin idi. Ona görə də Heraklla şərt kəsdi ki, mərci uduzsa, öküzlərin onda birini ona verəcək. Avginin şərtinə görə , Herakl tövləni dediyi vaxtda təmizləyə bilməsəydi, öz zərli hərbi geyimini və Nemey şirinin dərisini padşaha verməli idi.
 
Məclisdəkilərin hamısı Heraklın mərci hökmən uduzacağını güman edərək, ona məsləhət gördülər ki, bu ümidsiz işdən əl çəksin. Ancaq Herakl geri çəkilmək fikrində deyildi və hamının qarşısında hökmdarın şərtini qəbul etdiyini bildirdi. 
 
Ertəsi gün dan yeri ağarar-ağarmaz Herakl beli əlinə götürdü, bir balta alıb şəhərdən keçərək iki çayın arasındakı meşəyə yollandı. Herakl şəhərin küçələri ilə gedərkən adamlar başlarını pəncərələrdən çıxarıb, onu bir-birinə göstərir, bərkdən gülüşürdülər. Lakin özünə arxayın olan Herakl onlara fikir vermədi.
 
Meşənin sıx yerinə çatan kimi Herakl ağacları bir-bir qırıb yerə sərməyə başladı. Günortaya yaxın  bütün meşəni qırıb qurtaran Herakl yoğun tirləri bir-birinin üstünə yığıb bağladı, sonra isə onları qucağına alıb Peney çayının sahilinə daşımağa başladı.Tirləri suya ataraq üstündən daş-torpaq töküb çayın qabağını kəsdi. Bundan sonra Herakl Alfey çayında da bənd qurdu.
 
Şəhərin bütün əhalisi Heraklın işinə tamaşa etmək üçün axışıb çayların sahilinə gəlmişdi. Heraklın ağır tirləri daşıdığını gördükdə şəhərlilər daha gülmürdülər. Odur ki, başlarını yırğalayır və ona acıyaraq deyirdilər ki, yəqin, bu tanınmış igid ağlını itirib.
 
Herakl hər iki bəndi qurub qurtardığı vaxt artıq günəş batmaq üzrə idi. İşə elə indicə başlamaq qərarına gələn Herakl çobanlara dedi ki, öküzləri tövlələrdən qovub çıxarsınlar və tövlələrin qapılarını mümkün qədər geniş açsınlar. Sonra isə sahildə oturub hər iki çayın coşğun sularının bəndlərdə yığılaraq getdikcə necə çoxalmasını sakitcə seyr etməyə başladı. Su coşğun qəzəblə guruldayır və toplaşanlara elə gəlirdi ki,  ağır tirlər sürətlə artan təzyiqə davam gətirməyəcək.
 
Baş verənlərə maraq o qədər güclü idi ki, Avgi özü də Heraklın işinə tamaşa etmək üçün buraya gəlmişdi. Hökmdar bəndləri görcək təəccüblə çiyinlərini çəkdi. O da təəssüflə düşündü ki, deyəsən, Herakl kimi bir qəhrəman səfehlik ilahı Atenin qəzəbinə tuş gəlib. Hamıya qəribə gələn həm də o idi ki, axşam düşdüyünə baxmayaraq, Herakl hələ tövlələri təmizləmək işinə başlamamışdı.
 
Vaxt ötür, bəndlərdə suyun səviyyəsi getdikcə artırdı. Günəş üfüqə endiyi zaman çaylar daşıb bəndləri aşdı. Hər iki çayın suyu bir-birinə qarışıb qüvvətli bir selə çevriərək öküz tövlələrinin yerləşdiyi dərəyə dolmağa başladı. Sel gurultu ilə axıb köpüklənə-köpüklənə peyinlə dolu tövlələrin darvazalarından içəri doldu. Toplaşanlar işin nə yerdə olduğunu anlayanacan sel bütün peyini yudu və tövlənin qarşı tərəfdəki darvazasından çıxarıb geniş çölə yaydı. Adamların bir il ərzində görə bilməyəcəkləri çətin bir işi çaylar yarımca saat ərzində başa çatdırdı. Uzun illərdən bəri ilk dəfə olaraq Avginin tövləsi peyindən təmizləndi.
 
İşini bitirdikdən sonra Herakl bəndləri sökdü və coşan çayları yenidən öz məcrasına qaytardı. Çaylar sakitləşdi, su tədricən azaldı. Çəmənlik qurudu. Avgi və onunla birlikdə də şəhər əhalisi tövləyə yaxınlaşdılar. Hər iki tərəfdən darvazaları taybatay açıq olan tövlə o qədər təmiz idi ki, sanki onları öküzlər özləri yalamışdılar. 
 
Heraklın bu qoçaqlığının da sorağı bütün ölkəyə yayıldı. Daim şəhər darvazalarının önündə oturan toz-torpaqlı kor müğənnilər bu cəsur insanın şəninə nəğmələr oxumağa başladılar. Heraklın qoçaqlığını analar qızlarına, atalar isə oğullarına nağıl edirdilər.
 
Avginin tövləsini yumaq nə qədər çətin idisə, günahı yumaq ondan da çətin idi. Odur ki, Heraklın ürəyi heç cür sakitləşmək bilmirdi. Uşaqlarını öz əlilə öldürməsi onun vicdanını rahat buraxmırdı. İndiyədək o, öz gücü və ağlı hesabına altı böyük iş görmüş, dəfələrlə ölümlə üz-üzə gəlmişdi. Lakin günahı unutmaq, ondan xilas olmaq çətindir. Hara getsən, o da səninlə gedir, səni qarabaqara izləyir. İşlətdiyi  cinayətin bağışlanması üçün Herakl hələ çox qoçaqlıq göstərməli idi. Vaxt gözləmirdi, tələsmək lazım idi. Bu qəhrəman insan özü üçün müəyyən edilmiş qoçaqlıqları yerinə yetirmədən qocalıb ölmək istəmirdi. Elə buna görə də Herakl tövlənin təmizlənməsinə görə ona çatacaq haqqı verməkdən boyun qaçıran acgöz və xəsis Avgi ilə höcətləşməyib nifrətlə bunları söylədi:
- Sevin, ey xəsislər hökmdarı! Sevin ki, haqqlı olduğumu sənə sübut etməyə vaxtım yoxdur. Lakin on ikinci qoçaqlığı edəcəyim gün özünü qoru. Onda mən qayıdıb bura gələcəyəm, sən isə məni aldatdığın üçün peşman olacaqsan.
O, bu sözləri deyib Elida şəhərini tərk etdi və yeni tapşırıq almaq üçün Evrisfeyin yanına yollandı.
O zamandan bəri həmişə naməmiz və səliqəsiz yer görəndə insanlar belə deyirlər: “Lap Avginin tövləsinə oxşayır”. 
 
(Ardı var...)