Bu maraqlıdır!

Qibti misirlilərin qədim bahar bayramı - Şam ən Nəssim

Misirin qədim ənənələrini yaşadan 15 milyondan artıq qibti misirlilər bu günlərdə 4500 il tarixi olan Şam ən Nəssimi – Bahar bayramını qeyd edirlər.

 

Şam əl Nəssim bayramı fironları tərəfindən eramızdan əvvəl 2700-cü ildən bəri qeyd olunmağa başlayıb. Həmin vaxt baharın gəlişi ilə əlaqədar kahinlər ehramların önünə duzlu balıq düzürmüşlər. Sonradan qibti xristianlar bu mərasimlərə naxışlı yumurta boyamağı da əlavə ediblər. Ortodoks xristianların pasxasına təsadüf edən Şam əl Nəssimi insanlar Nil çayının sahilində, parklarda qeyd edirlər.

 

Qədim mənbələrə görə, İsgəndəriyyədə ilk qibti ortodoks kilsəsi eramızın 60-cı ilində yevangelist Mark tərəfindən açılıb. Roma imperiyası dövründə qibti xristianlar ağır təqiblərə məruz qalıblar, müqəddəs Mark isə 68-ci ildə edam edilib. İmperator Diokletianın zamanında (245-313-cü illər) İsgəndəriyyədə yüzlərlə qibti çarmıxa çəkilib.

 

Qibti xristianların həyatında yeni mərhələ VII əsrdə ərəblərin Misiri fəth etməsi ilə başlayıb. Roma dövründən fərqli olaraq, ərəbləşmə zamanı İslamı qəbul etməyənlər fiziki təqibə məruz qalmırdı. Bununla belə, müsəlman olmaq istəməyənlər daha çox vergi ödəməli idilər. Ən mühüm olanı isə ərəb mədəniyyətinin yayılması fonunda qibtilərin öz dillərinin yox olmasıdır. Dövrümüzdə fironların danışdıqları dilə yalnız bəzi qibti monastırlarında rast gəlmək olar.

 

Müasir dövrdə qibti xristianlar fundamentalist islamçı dəstələrin hücumlarına məruz qalırlar. Misirdə Müsəlman Qardaşları hərəkatının qısa sürən hakimiyyəti zamanı onların kilsələrinə bombalı hücumlar edilirdi. 2017-ci ildə bu cür hücumlardan biri nəticəsində onlarla qibti xristian qətlə yetirilib. Lakin hazırkı Misir hökuməti onların təhlükəsizliyini qorumaq üçün ciddi tədbirlər görür.

 

Qibti xristianların bir hissəsi ötən əsrin 70-ci illərində ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyaya mühacirət edib. Onlar Şam əl Nəssimdə Misirdəki dostları və yaxınları ilə bayramlaşır, bu qədim bayramın vazkeçilməz atributları olan yumurtanı naxışlarla boyama, balıq süfrəsi ənənələrini davam etdirirlər.

 

Bahar bayramında Misirdəki qibti xristianlar gələcəyə nikbin baxırlar. Onlar xristianlarla müsəlmanlar arasında möhkəm harmoniya olacağına inamlarını itirmirlər.