Nağıllar, hekayələr

Hans Xristian Andersen. Noxud üstündə yatan şahzadə qız

Biri var idi, biri yox idi, bir şahzadə oğlan  var idi. O, əsl şahzadə qız ilə evlənmək istəyirdi. Şahzadə oğlan özünə adaxlı tapmaq üçün bütün dünyanı  gəzib-dolaşdı, çox axtardı, amma istədiyini tapa  bilmədi.  Şahzadə qız çox  idi, amma  oğlan  onların  doğrudan da  əsl şahzadə qız  olub-olmadığını heç cür öyrənə bilmirdi.  Hərəsində bir nöqsan tapırdı. Şahzadə oğlan kor-peşman   halda evə qayıtdı və qəm dəryasına batdı.
Bir dəfə axşama yaxın hava dəyişdi:  göy guruldadı,  ildırım çaxdı, bərk yağış yağmağa başladı.
Birdən kimsə sarayın  darvazasını döydü. Qoca kral qapını  açmağa getdi.
Qapıda bir qız durmuşdu. Yağış onu təpədən dırnağadək islatmışdı. Su saçlarından və paltarından  süzülüb ayaqqabılarının içinə tökülür,  dabanlarının altından axıb gedirdi. Bununla belə qız and-aman edirdi ki, əsl şahzadədir!
Kraliça ürəyində düşündü: “Yaxşı, yoxlayarıq”.
O, qıza heç nə demədən  yataq otağına keçdi.  Yorğan-döşəyi çarpayının üstündən atdı, quru taxtın üstünə bir noxud dənəsi qoydu. Sonra bu noxud dənəsinin üstündən on iki pərqu döşək, döşəklərin də üstündən  on iki yorğan saldı.
Şahzadə qızı bu çarpayıda yatırtdılar.
Səhər ondan necə yatdığını soruşdular.
Şahzadə qız cavab verdi:
- Çox pis yatmışam. Demək olar, səhərəcən gözümü yummamışam. Bircə Allah bilir, yorğan-döşəyimə nə düşmüşdü. Çox bərk bir şeyin üstündə uzanmışdım. İndi hər yerim göm-göydür! Dəhşətdir.        
Bu zaman hamı başa düşdü ki,  bu qız doğrudan da əsl şahzadə imiş.  Axı o,  noxud dənəsini on iki pərqu döşək və on iki yorğan üstündə uzanaraq hiss etmişdi.  Ancaq əsl şahzadə qız belə zərif ola bilər.
Şahzadə oğlan həmin qızla evləndi. Həmin noxud dənəsini isə kunstkameraya qoydular. Əgər heç kim oğurlamayıbsa, yəqin ki, noxud dənəsi hələ də oradadır.
Onu da bilin ki, bu, olmuş əhvalatdır!