Odlar Yurdu

1918-1920-ci illərdə buraxılan pullar və qiymətli kağızlar

1917-ci ildə Rusiyada oktyabr çevrilişindən sonra Azərbaycanın həyatında xalqın özünüdərk və milli dirçəliş dönəminin təməli qoyuldu. 

 

Çağdaş Azərbaycanın müstəqil pul təsərrüfatı və pul dövriyyəsinin tarixi yüzillik fasilədən sonra elə bu çağlardan, 1918-ci ildə Bakı Bələdiyyəsinin buraxdığı kağız pullarla başlanır. 1918-ci ilin yanvar-aprel aylarında dövriyyəyə buraxılmış 5, 15 və 50 qəpiklik xırda kağız pul, 1, 3, 5, 10 və 25 manatlıq iri bələdiyyə pul vahidləri rənginə, kağızın ölçülərinin müxtəlifliyinə görə də bir-birindən fərqlənir. 

 

 

1918-ci il aprel ayının 25-dən Bakıda hakimiyyət bolşevik fraksiyasının əlinə keçdi və tezliklə yeni idarə orqanı - Bakı Şəhər Təsərrüfatı Soveti yaradıldı. Bu qurumun qərarı ilə təcili olaraq yeni kağız pullar hazırlanıb dövriyyəyə buraxıldı. 10, 25 və 50 manat məbləğində olan bu pulların emissiyası Xalq komissarı N.Nərimanovun imzası ilə icra olunurdu. Bu pul vahidləri öz qüvvəsini 1918-ci il iyul ayının 31-də istefa verən Bakı kommunasından sonra itirsə də, 1918-1919-cu illərdə əhali arasında dövriyyə vasitəsi kimi işlədilirdi.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan hökuməti adından 1919-cu ilin əvvəllərində tədavülə buraxılan birinci kağız pul vahidləri Azərbaycan Tarixi Muzeyində saxlanılır. 

 

Azərbaycan Cümhuriyyəti hökumətinin icazəsi ilə Bakı Bələdiyyə İdarəsi tərəfindən 1919-cu il avqust ayının 20-də hər biri 500 manat olmaqla yüz min ədəd və hərəsi əlli bilet olmaqla iki min seriyaya bölünmüş əlli milyon manatlıq uduşlu istiqraz buraxılmışdır.