Xəbərlər

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək

Bakı, 15 may, AZƏRTAC


İyunun 1-də və 2-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək. 


AZƏRTAC xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də keçiriləcək tədbirdə Bakı və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edəcəklər. 


Festival hər iki gün saat 16:00-dan 19:00-dək davam edəcək. 


Tədbir çərçivəsində müxtəlif əyləncə proqramları təqdim olunacaq. Uşaqlar Heydər Əliyev Mərkəzinin parkında quraşdırılan attraksionlarda, buz meydançasında əylənə, rəsm, musiqi proqramlarında və digər əyləncə növlərində iştirak edə, müsabiqələrdə yarışa biləcəklər. Həmçinin uşaqlar üçün müxtəlif sahələr üzrə ustad dərsləri təşkil olunacaq və azyaşlı istedadlar parkda onlar üçün ayrılmış ərazidə asfalt örtüyü üzərində rəsmlər çəkərək bacarıqlarını nümayiş etdirəcəklər.

 

Mərkəzin parkındakı göldə ilk dəfə olaraq qayıq müsabiqəsi təşkil olunacaq, konsert proqramı təqdim ediləcək. Uşaqlar sevimli nağıl personajları ilə görüşəcək, bayramlarını dostlarının əhatəsində, bir-birindən maraqlı sürpriz və hədiyyələrlə dolu şənlikdə keçirmək imkanı qazanacaqlar. 


Əraziyə giriş və əyləncələrdən istifadə pulsuz olacaq.