Bayatılar

Vətən, qürbət haqqında bayatılar

 Yağı gəldi yanıma, 
 Susamışdı qanıma, 
 Döndüm qürbət ellərdən, 
 Qüvvət gəldi canıma. 

 *** 

 

 Söz qaldı el gələnə, 
 Çırmandı sel gələnə, 
 Gözəl bir bağ salmışam. 
 El gələ gölgələnə. 

 *** 

 

 Kəkliyəm, fərəm sənsiz, 
 Düşübdür pərən sənsiz, 
 Yad eldə, yad ölkədə, 
 İnan, gülmürəm sənsiz. 

 *** 

 

 Payız qışdan əzəldi, 
 Yarpaq tökən xəzəldi, 
 Vətən viran da olsa, 
 O, cənnətdən gözəldi. 

 *** 

 

 Əzizim kətan yaxşı, 
 Keyməyə kətan yaxşı, 
 Qürbət yer cənnət olsa, 
 Yenə də vətən yaxşı. 

 *** 

 

 Su gələr arxa, haray! 
 Tökülər çarxa, haray! 
 İgid qürbətə düşsə, 
 Çağırar arxa, haray! 

 *** 

 

 Belədimi qürbət el, 
 İgid oğul, qürbət el, 
 Adamı tez qocaldar, 
 Qərib ölkə, qürbət el. 

 *** 

 

 Əzizim sözə qaldı, 
 Bir şirin sözə qaldı. 
 Yad qovuldu dağlardan, 
 El-oba bizə qaldı. 

 *** 

 

Yetdi arxa dolandı, 
 Sular çarxa dolandı, 
 Düşmən elin gücündən, 
 Qorxa-qorxa dolandı. 

 *** 

 

 Don tiksən ağı bizdən, 
 Belinin bağı bizdən, 
 Qoymayın yad ellini, 
 Almağa bağı bizdən. 

 *** 

 

 Burda yolum oldu tən, 
 Varmı bu yoldan ötən, 
 Bu dünyaya şirin şey, 
 Bir anadır, bir Vətən. 

 *** 

 

 Qolunda var qüvvətin, 
 Arzum var olsun mətin, 
 El yolunda baş qoyan, 
 Qazanar el hörmətin. 

 *** 

 

 Əziziyəm dilən gəz,
 Bağda gülə dilən gəz,
 Qürbətdə xan olunca,
 Vətənində dilən gəz.