Şeirlər

Aşıq Ələsgər. Aranla yaylağın bəhsi

Aran deyər, yaylaq, çox da saxlama,
Göndər gəlsin, ağır ellər mənimdir.
Yerin göbəyiyəm, dizin dirəyi,
Malu-mülkü Süleymanlar mənimdir.

 

Yaylaq deyər, çıxma dindən, imandan,
Süsəndən, sünbüldən, hər gülüşəndən;
Həkimlik, loğmanlıq qalıbdı məndən,
Həzaran dərdlərə dərman mənimdir.

 

 

 

Aran deyər, bağça mənim, bağ mənim,
Gecə-gündüz qulluq eylər bağbanım.
Geymək üçün yaşıl mənim, al mənim,
Süsən, sünbül, gülşənliklər mənimdir.

 

Yaylaq deyər, mənəm çeşmələr başı,
Axar, heç qurumaz didəmin yaşı,
Pələnglər yatağı, ovçu sirdaşı,
Köksü ala, qarlı dağlar mənimdir.

 

Aran deyər, qaldım dağ arasında,
Piltətək qurudum yağ arasında,
Qıvrım-qıvrım olmuş tağ arasında,
Tutma ala qarpız, tağlar mənimdir.

 

Yaylaq deyər, mənəm xalqın göyçəyi,
Məndə yatar aranların qaçağı,
Lalə-səmən, dürlü-dürlü çiçəyi,
Pətəkdə kəsilən ballar mənimdir.

 

Aran deyər, məndə bulunar maya,
İnsini, cinsini götürrəm vaya,
Payızın fəslində qurulan taya,
Xirməndə çevrilən vəllər mənimdir.