Xəbərlər

“Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək

Bakı, 22 may, AZƏRTAC
 
 
Mayın 25-də Bakıda “Elektra Events Hall”da “Həmişə gənc” şüarı altında “Youthvision 2018” Beynəlxalq mahnı müsabiqəsi keçirəcək. Müsabiqə Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Qızıl Qala production-ın birgə təşkilatçılığı ilə keçiriləcək.

 

AZƏRTAC xəbər verir ki, 14-35 yaşarası gənclər arasında keçiriləcək müsabiqədə qiymətləndirmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılacaq. Bu məqsədlə hər iştirakçı dövlətdən 1 nəfər münsif üzv dəvət olunur.
 
 
Mahnı müsabiqəsinin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclər arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şərait yaratmaq, onların potensiallarını üzə çıxartmaqdır.
 

 

Bu il müsabiqəyə ümumilikdə 23 ölkənin – Azərbaycan, ABŞ, Türkiyə, Uqanda, Latviya, Rusiya, Serbiya, İran və bir sıra digər dövlətlərin 60-a yaxın iştirakçısının, münsif və onları müşaiyət edən nümayəndələrin gəlişi gözlənilir. Keçən il keçirilən “Youthvision 2017” Beynəlxalq Mahnı müsabiqəsində qalib Gürcüstan (109 xal), 2-ci yerin sahibi Qırğızıstan (100 xal), 3-cü yer isə Moldova (97 xal) təmsilçiləri olmuşdu.

  

Qonaqlar Bakıya 20-26 may tarixlərində gələcək, bu müddət ərzində onlar şəhərin müxtəlif görməli yerlərini, tarixi abidələrini ziyarət edəcək, Azərbaycanın tarixi, mədəniyyəti haqqında ətraflı məlumat əldə edəcəklər. Həmçinin müsabiqədə təqdim olunması üçün iştirakçıların tanıtım çarxlarının çəkilişi də həyata keçiriləcək. Bu çəkilişlər Bakının müxtəlif məkanlarında olacaq.