Görkəmli şəxsiyyətlər

Danışmadan güldürən Mister Bin

Uşaqların ən sevimli komediyasının baş qəhrəmanı Mister Bini canlandıran Rovan Atkinson 1955-ci il yanvarın 6-da Böyük Britaniyada dünyaya gəlib. O, Erik Atkinson və Ella Mayin dördüncü oğludur.


Atkinson çox gözəl təhsil alıb. O, Newcastle və Oxford Universitetlərinin məzunudur. Şöhrəti ona aktyorluq gətirsə də, Rovan daha əvvəl BBC şirkətinin layihəsi, komediya janrında “The Atkinson People” radio verilişində də baş rolu oynayıb. Rovan Atkinson Mr.Bin rolu ilə yaddaşda qalsa da o, 50-dən çox filmə çəkilib və bir neçə cizgi filminin qəhrəmanını səsləndirib. Aktyor uşaqlıqdan avtomobil həvəskarıdır. O bunu atasının traktorunun sükanı arxasına oturanda anlamışdı. Hətta Rovan həyatının ən xoşbəxt gününün sürücülük vəsiqəsi aldığı gün olduğunu deyir.

 

Onun avtomobil kolleksiyasına “Aston Martin”, “Honda”, “Audi” və “MC Laren F1” avtomobilləri daxildir. Aktyorun bir o qədər də sevmədiyi avtomobil markası isə “Porche”dir. Avtomobil həvəskarı olduğu üçün Rovan The Car Magazine kimi Britaniya avtojurnalları üçün bəzən reportyorluq edir.

 

Şahzadə Uilyam və Katerin Midltonun toyunda, eləcə də Şahzadə Çarls və Kamilla Parker Boulesin toyuna Rovan xüsusi dəvət alıb. Atkinson Ceyms Bondun heyranıdır. O, hətta Ceyms Bond haqqında çəkilmiş “Never say never again” filmində də rol alıb. Rovan 1990-cı ildə Sunetra Sastri ilə ailə həyatı qurub. Onların bir qız və bir oğul övladı dünyaya gəlib.

Mister Bin imkanlı şəxslər siyahısındadır. Bu gün onun var-dövləti orta hesabla 130 milyon dollar dəyərləndirilir. Aktyor təyyarə sürməyi bacarır. 2001-ci ildə ilə Keniyaya uçarkən pilot huşunu itirib və o, ayılana qədər təyyarəni Rovan idarə edib. 


2012-ci ildə Mr.Bin təqaüdə çıxıb. Belə ki, aktyor bu rolun artıq onun yaşına uyğun olmadığını, buna fiziki gücünün də çatmadığını söyləyərək Mr.Bini canlandırmaqdan imtina edib.