Nağıllar, hekayələr

Cırtdan - Azərbaycan nağıllarının məşhur qəhrəmanı

Cırtdan Azərbaycan nağıllarının ən məşhur balaca personajlarındandır. Cırtdan sözünün mənası “balaca” və ya “körpə” deməkdir.  Özünəməxsusluğu, fərasətliliyi və cəsarəti ilə seçilən Сırtdan haqqında çoxlu nağıllar uydurulmuşdur. Cırtdanın bəzən tənbəlliyi də olur. Məsələn, Cırtdan meşəyə odun yığmağa gedəndə digər kənd oğlanlarını məcbur edir ki, onu kürəklərində aparsınlar. Lakin Divlə rastlaşanda cəsarəti ilə yadda qalır. Çünki Cırtdan digər uşaqlardan fərasəti və bacarığı ilə fərqlənir. Cırtdan balaca olmasına baxmayaraq, həqiqətən böyük qoçaqlıq göstərir. Artıq uzun illərdir ki, “Cırtdan” tamaşası Bakı Kukla Teatrında səhnələşdirilən ən populyar tamaşalardan biridir. “Cırtdan” əsərini eyniadlı Azərbaycan xalq nağılının əsasında Mirmehdi Seyidzadə qələmə almışdır. 







Cırtdanın nağılı
Biri vardı, biri yoxdu, bir qarı vardı. Bu qarının bir Cırtdan adlı nəvəsi vardı. Bir gün Cırtdan gördü ki, qonşu uşaqları meşəyə oduna gedirlər, gəlib nənəsinə dedi:

- Ay nənə, mənə də icazə ver, uşaqlarla gedim.
Qarı icazə verdi, uşaqları çağırıb hərəsinə yağ yaxmacı verdi. Cırtdanı da onlara tapşırdı. Yolda Cırtdan yerə oturub dedi:
- Nənəm məni sizə tapşırıb, məni dalınıza alıb aparın.
Yoldaşları onu növbə ilə dallarına alıb apardılar. Onun yerinə odun da yığdılar. Sonra hər kəs öz odununu şələ bağlayıb dalına aldı. Cırtdan dedi:
- Nənəm məni sizə tapşırıb, mənim odunumu da götürün.
Uşaqlar əlacsız qalıb onun da odununu dallarına götürdülər. Onlar bir xeyli getdikdən sonra axşam oldu. Qaranlıq qovuşdu, yolu azdılar. Meşədən çıxanda gördülər ki, bir tərəfdən işıq gəlir, o biri tərəfdə it hürür. Biri dedi: işıq gələn tərəfə gedək, o biri dedi: it hürən tərəfə. Bilmədilər ha tərəfə getsinlər. Cırtdan dedi:
- İt hürən tərəfə getsək, it bizi qapar. İşıq gələn tərəfə gedək, bəlkə yolu tapa bildik.
Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxdılar. Div onları görəndə sevinib öz-özünə dedi: "Yaxşı oldu. Gecə onları bir-bir yeyərəm." Uşaqlara bir az çörək yedirdib yatırdı. Gecədən bir az keçəndən sonra div uşaqların birini yemək istədi. Uşaqların yatıb-yatmadığını bilmək üçün dedi:
- Kim yatıb, kim oyaq?
Bu sözü eşidəndə Cırtdan tez başını qaldırıb dilləndi:
- Hamı yatıb, Cırtdan oyaq.
Div soruşdu:
- Cırtdan, niyə yatmırsan?
Cırtdan dedi:
- Nənəm mənə hər gecə qayğanaq bişirərdi, yedirib yatırardı.
Div qalxdı, tez qayğanaq bişirib Cırtdana yedirtdi ki, bəlkə yatsın.
Bir qədər keçəndən sonra div yenə soruşdu:
- Kim yatıb, kim oyaq?
Yenə Cırtdan başını qaldırıb dedi:
- Hamı yatıb, Cırtdan oyaq.
Div soruşdu:
- Cırtdan, indi niyə yatmırsan?
- Hər gecə nənəm mənə çaydan xəlbirlə su gətirərdi.
Div ayağa qalxdı, bir xəlbir götürüb çaydan su gətirməyə getdi. Cırtdan da tez yoldaşlarını oyadıb dedi:
- Bu div bizi yemək istəyir. Qalxın qaçaq.
Uşaqlar tez qalxdılar, qaçıb çaydan keçdilər. Bu tərəfdən div nə qədər xəlbiri suya salıb qaldırsa da, gördü ki, xəlbirdə su qalmır. Axırda təngə gəlib qayıtmaq istəyəndə, bir də gördü ki, uşaqlar çayın o tərəfindən gedirlər. İstədi sudan keçib uşaqların dallarınca düşsün, amma keçə bilmədi. Axırda onları səslədi:
- Ay uşaqlar, sudan necə keçdiniz?
Cırtdan tez cavab verdi:
- Get bir dənə dəyirman daşı tap, boynuna keçirt, özünü suya at, onda keçərsən.
Div Cırtdanın sözünə inandı, gedib bir dəyirman daşı tapı boynuna keçirtdi, özünü suya atdı, suda boğulub öldü.