Nağıllar, hekayələr

Xoşbəxtlik

Bir dəfə Xoşbəxtlik meşə ilə gedir . Qəfildən bir quyuya düşür. Oturub ağlamağa başlayır. Birdən yaxından insan ayağının səsini eşidib onu köməyə çağırır:

 

– Ey xeyirxah insan, çıxar məni buradan.

 

– Əvəzində nə verəcəksən? –deyə insan soruşur.

 

– Nə istəyirsən?

 

– Dənizə görünüşü olan, dəbdəbəli, böyük və gözəl bir ev istəyirəm.

 

Xoşbəxtlik onun istəyini yerinə yetirir və insan sevincək onu quyuda qoyub qaçır.

 

Xoşbəxtlik yenə hönkür-hönkür ağlayır. Yenə də səs eşidib haraylayır: – Ey xeyirxah insan, çıxar məni buradan.

 

– Əvəzində nə verəcəksən? – deyə bu insan da soruşur.

 

– Nə istəyirsən?

 

– Ən bahalı markadan olan gözəl maşın istəyirəm.

 

Xoşbəxtlik ikinci insanın da istədiyini ona verir. Ancaq o da sevinərək qaçıb gedir və Xoşbəxtliyi quyudan çıxarmağı unudur.

 

Tamam ümidini itirdiyi bir vaxtda Xoşbəxtlik görür ki, kimsə yuxarıdan üzüaşağı baxır. Ağlamağını kəsib deyir:

 

– Ey xeyirxah insan, çıxar məni buradan, xahiş edirəm.

 

Bu insan onu quyudan çıxarıb yoluna davam edir. Xoşbəxtlik onun dalınca qaçaraq soruşur:

 

– Ey insan, mənə etdiyin köməyin əvəzində nə istəyirsən?

 

– Mənə heç nə lazım deyil, – deyə insan cavab verir.

 

Xoşbəxtlik bundan sonra onun dalınca gedir və heç vaxt ondan ayrılmır.