Nağıllar, hekayələr

Qrimm qardaşları. "Rapunzelin nağılı"

Biri var idi, biri yox idi. Uzun müddətdir övladları olmayan bir ailə var idi. Günlərin bir günü onların arzusu gerçəkləşdi və övladları olacağını öyrəndilər.   


Onların evlərinin pəncərəsindən yan evin bağçası görünər, övladını gözləyən ana tez-tez o bağçaya baxardı. O bağda dadlı kahılar yetişirdi. Ancaq bağ bir cadugərə aid olduğu üçün heç kəs ora girməyə cəsarət etməzdi. 


Zaman keçsə də, qadın kahılardan dadmaq arzusu ilə günü-gündən zəifləyib xəstə düşdü. Qadının vəziyyətini görən həyat yoldaşı gecə gizlicə bağa girib kahılardan götürdü. Qadın bütün kahıları yesə də, kifayətlənmədi və daha çox istəməyə başladı. Əlacsız qalan həyat yoldaşı yenidən bağa getdi, amma bu dəfə cadugər onu gördü və qışqıraraq "bağıma girməyə necə cəsarət edirsən?" - dedi.


Qorxuya düşmüş adam həyat yoldaşının vəziyyətindən cadugərə danışdı. 


Cadugər dedi:
- "Bağdakı bütün kahıları götür, əvəzində uşağını mənə verməlisən". 


Adam başqa əlacı olmadığını gördü və cadugərin təklifi ilə razılaşdı.


Tezliklə gözəl bir qız uşağı dünyaya gəldi, cadugər onu öz himayəsinə götürdü, adını da Rapunzel qoydu. Rapunzelin böyüdüncə gözəlləşdiyini görən cadugər onu heç kim görməsin deyə gətirib meşədə bir qalaya həbs etdi. 


Qala çox hündür idi və qapısı yox idi. Rapunzel oradan qaça bilmirdi. Cadugər qalaya gələndə "Rapunzel, Rapunzel saçlarını burax"- deyər, qız hörüklərini pəncərədən aşağı buraxar, cadugər də bu formada qalaya çıxardı. 


Rapunzel qalada tək darıxdığı üçün mahnı oxuyar, özünü əyləndirərmiş. Günlərin bir günü bir şahzadə meşədə gəzərkən  Rapunzelin səsini eşitdi və onu tapmağa qərar verdi. Bir müddət sonra  Rapunzelin yaşadığı qalanı tapsa da, oraya çıxmağa yol tapa bilmirdi. Bir gün cadugərin "Rapunzel, Rapunzel saçlarını burax" deməsini eşitdi. O da belə etmək qərarına gəldi.


Cadugər qaladan uzaqlaşdıqdan sonra şahzadə gəldi. Rapunzel ilk öncə qorxsa da, daha sonra o da şahzadəni sevməyə başladı.


Şahzadə qaladan xilas olmağı üçün hər gəlişində Rapunzelə ip gətirməyi söz verdi. Rapunzel bu iplərdən nərdivan hörərək qaladan qaçmağın yolunu tapmışdı.


Günlərin bir günü cadugərin şahzadə ilə Rapunzelin görüşündən xəbəri oldu və onun saçlarını kəsdi. Rapunzelə cadu edərək onu uzaq bir ölkəyə göndərdi. 


Şahzadəyə isə tələ quraraq onun gözlərinin kor olmasına səbəb oldu. 


Günlər sonra şahzadə Rapunzeli səsindən tanıyıb yanına getdi. Sevincindən ağlayan qızın göz yaşları şahzadənin gözlərinə düşdü və bir möcüzə baş verdi. Şahzadə artıq görə bilirdi. 


Beləcə Rapunzel və şahzadə krallığa qayıtdı, evləndilər və çox  xoşbəxt yaşadılar.