Nağıllar, hekayələr

Zahid Xəlil. “Qayıq sürən ayı balası”

Kür çayının sahili boyu uzanan meşələrdə qonur bir ayı yaşayırdı. Onun zil qara gözləri və burnu düymə kimi parıldayırdı. Ayını əyri pəncəsi çömçəyə oxşayırdı. Dırnaqları qarmaq kimi iti, əl-qolu tüklü idi.
Ayı balası bu gün erkən oyanmışdı. Gözlərini xeyli ovuşdurdu, kirpiklərini aralayıb Günəşə baxdı. 


— Səhərdir... — deyə donquldandı və burnunu göyə qalxızıb iylədi ki, görsün hansı tərəfdə ov tapmaq olar. Axı, anası ona belə öyrətmişdi. Sahil tərəfdən burnuna xoş iy dəydi. Sahilə cumdu. 


Kür yorğun-yorğun axırdı. Sular qırçın-qırçın idi. Külək sahil qumlarını elə düzəltmişdi ki, hər tərəf əl içi kimi görünürdü. Balıqçılar sahildə ocaq qalayıb kabab bişirirdilər. Ayının ağzı sulandı. Amma balıqçıların qorxusundan onlara yaxın getmədi, əyri çömçə pəncəsi ilə boynunun dalını qaşıdı. Ayının gözü çayın sahilində bağlanmış qayığa sataşdı. Qayıq sakit-sakit yırğalanırdı. Sanki çay qayığı əllərində oynadırdı. 


Qonur ayının başına qəribə bir fikir gəldi. Mən də balıq tutacağam O, qayığa tərəf götürüldü. Balıqçılar uzaqda idilər. Başları kabab bişirməyə qarışdığı üçün onu görmürdülər. Ayı qayığın ağaca bağlanmış zəncirini açdı. Keçib qayıqda oturdu və kürəkləri işə saldı. Qayıq yavaş-yavaş yırğalandı. Sahildən üzüldü və çayın ortasına doğru irəlilədi. Ayı sevincindən elə ucadan bağırdı ki, səsə balıqçılar da bu tərəfə boylandılar və ... işin nə yerdə olduğunu anladılar. Balıqçılar yüyürüşüb gəldilər. Ancaq qayıq çayın düz ortasında idi. Ayı qorxusundan özünü itirmişdi.


Balıqçılar əlləri ilə işarə edirdilər ki, ayı qayığı sahilə — onlar tərəfə sürsün. Lakin ayı ömründə birinci dəfə idi ki, qayıq sürürdü. Nə qədər əlləşdisə qayığı sahilə çıxara bilmədi. Xeyli gedəndən sonra burulduğu yerdə su qayığı sahilə çıxardı. Balıqçılar yüyürəyüyürə, meşəyə səs sala-sala qaçırdılar.


Dələlər ağacın başından bu qəribə əhvalata baxırdılar. Sağsağanlar gülməkdən uğunub getmişdilər. Kolların arası ilə çətinliklə qaçan, arabir yıxılıb-duran balıqçılar axır ki, qayığa yetişdilər. Lakin qonur ayı balası utandığından onları gözləmədən çıxıb getmiş, meşənin qalın yerlərində gizlənmişdi.