Xəbərlər

Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə ustad dərsi keçirilib

İyunun 12-də IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə ustad dərsi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, həmçinin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirilmənin artırılması və ölkəmizdə aparılan idman siyasətinə dəstək olmaqdır.

 

Milli yığma komandamızın futbolçuları Kamran Ağayev, Ruslan Qurbanov və Cavid İmamverdiyev tərəfindən keçilən ustad dərslərinə 30-a yaxın uşaq qoşulub.

 

Millimizin oyunçuları ustad dərsinin əvvəlində öz dəyərli məsləhətlərini uşaqlarla bölüşüb, peşəkar futbolçu olmaq üçün vacib olan amillərdən bəhs ediblər. Daha sonra qaytardıqları mükəmməl toplarla diqqətləri cəlb edən millimizin qapıçısı Kamran Ağayev gələcək həmkarları ilə öz təcrübələrini bölüşüb. Yığma komandamızın ən texnikalı oyunçularından olan yarımmüdafiəçi Cavid İmamverdiyev və öz həlledici qolları ilə azarkeşlərə sevinc bəxş edən hücumçu Ruslan Qurbanov uşaqların böyük marağına səbəb olan müəyyən fəndlər göstərib, onlara topla hərəkət texnikasının, driblinqlərin, ötürmələrin, həmçinin topu qaytarmaq məqsədilə tətbiq edilən pressinqlərin yaxşılaşdırılması yollarını nümayiş ediblər.

 

Ustad dərslərinin yekununda “kiçik futbolçular” futbol üzrə Azərbaycan yığmasının oyunçuları ilə birgə futbol oynayıblar.

 

Sonda ustad dərsinə qoşulan uşaqlara BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu toplar xatirə hədiyyələri qismində təqdim edilib.