Görkəmli şəxsiyyətlər

Xristofor Kolumb: böyük səyyah, yoxsa adi sərvət düşkünü

İndi biz Yer kürəsini Amerika qitəsi və Sakit okean olmadan  təsəvvür edə bilmərik, halbuki XV əsrin  sonunda  dünyanın  bu yerlərdən xəbəri yox idi. İtaliyanın Genuya şəhərindən olan Xristofor Kolumb  Hindistana dəniz yolu axtarmaq üçün  Atlantik okeanı ilə  üzməyi qərara almışdı. Kolumb varlanmaq istəyirdi və Hindistanın zəngin bir ölkə olması barədə deyilənlər onun yuxusuna haram qatmışdı. O, Hindistana  gedib çatacağına inanırdı, çünki o, Yerin kürə şəklində olduğunu  bilirdi.  Lakin bir çoxları Kolumbun planlarını ağılsızlıq hesab edirdi.  Kiçik və davamsız gəmilərdə okeanı keçmək böyük cəsarət tələb edirdi.  Axı, o vaxt insanların  okean barəsində məlumatları indi uzaq  planetlər barədə  bildiklərimizdən çox deyildi.

 

Kolumb uzun illər mübarizə apardıqdan sonra İspaniya kraliçası İzabellanı belə bir səyahəti təşkil etməyə razı sala bildi.

 

Nəhayət, gözlənilən gün  gəlib çatdı. Kolumb 1492-ci il avqustun 3-də İspaniyanın Palos limanından uzaq səfərə çıxdı. Onun üç karavellası – “Santa Mariya”, “Ninya” və “Pinta”  Atlantik okeanı ilə üzməyə başladı. Günlər bir-birini əvəz edir, lakin arzu olunan quru görünmürdü ki, görünmürdü.  Bir dəfə üfüqdə  yaşıl zolaq göründü. Lakin bu  torpaq deyil, yosunla örtülmüş Sarqas dənizi idi.  Bu dəniz Kolumbun qərbə doğru yolda ilk kəşfi oldu.

 

Kolumbun hesablamalarına görə, onlar Hindistana qədər 2400 mil yol qət etməli idilər.  Bu məsafə artıq geridə qalmışdı. Lakin o, ruhdan düşmür, qorxaqları dilə tutur,  çoxlu qızıl vəd edir, ya da hədələyirdi.  Nəhayət söz verməyə məcbur oldu ki,  üç gündən sonra  torpaq görünməsə,  geri qayıdacaqlar.

 

Bu möhlətin bitməsinə çox az qalmış -  1492-ci ilin oktyabrının 12-də gecə yarı matros Rodrigo "quru" deyə qışqırmağa başladı. Bu, Kolumbun San-Salvador adlandırdığı  kiçik bir ada idi.

 

Kolumb həmin səfərdə  Kuba və Haiti adalarını kəşf etdi. İspanlar qarğıdalı, kartof və tütün əkildiyini ilk dəfə burada gördülər. Onları hər yerdə qırmızıdərili, ucaboy, gülərüz adamlar qarşılayırdılar.  Bu adamları hindilər adlandırdılar, çünki Kolumb  Hindistana dəniz  yolu açdığını zənn edirdi. Yalnız ömrünün axırlarında,   üçüncü və dördüncü səfərindən sonra  Cənubi Amerika sahilləri boyunca üzdüyü zaman  Kolumbda şübhə yarandı ki,  bura nə Hindistandır, nə də  Çin, nə isə başqa bir dünyadır – yeni qitədir. Beləcə Amerika qitəsi kəşf olundu.

 

Хristоfоr Kоlumb əsl arzusuna çata bilmədi. O, nə Hindistana dəniz yolu tapdı, nə də böyük sərvət sahibi oldu. Əksinə, ömrünün sonunda müflisləşdi və hamı tərəfindən unuduldu. Əvəzində İspaniyaya yеni tоrpaqlar, yеni sərvət mənbəyi bəхş еtdi. O, dördüncü ekspedisiyadan sonra məyus və ruhdan düşmüş halda İspaniyaya döndü və 1506-cı ildə burada vəfat еtdi.