Xəbərlər

Məktəbəhazırlıq – beşyaşlıların bir günü

Bu il ilk dəfə məktəbəhazırlıq qruplarına sənəd qəbulu https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib. 


AZƏRTAC xəbər verir ki, məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-dən başlanıb və mayın 31-dək davam edəcək. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Bu qruplarda gün ərzində üç, həftədə dörd gün 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.


Xatırladaq ki, 2019-2020-ci tədris ilində bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb. Məktəbəhazırlıq qruplarının yaradılmasının məqsədi 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnmələrini təmin etməkdir. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil edilir. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.