Şeirlər

A. S. Puşkin. Qızıl xoruzun nağılı

Tərcümə edən: Mirmehdi Seyidzadə 


Keçmişdə bir səltənətdə,
Bir bilinməz məmləkətdə
Dadon adlı çar yaşardı,
Gənc yaşından qəzəbkardı,
Qan uddurur qonşulara,
Heç vermirdi hərbə ara.
Günlər keçdi, qocaldı çar,
Dedi: - "Yetər vuruşmalar.
Yorulmuşam, rahatlanım,
Qoy dincəlsin bir az canım".
Ancaq indi qonşuları
İncidirdi qoca çarı.
Ölkəsini hücumlardan
Qorumaqçün bu hökmran
Saxlayaydı gərək ordu;
Çox da asan deyildi bu.
Yatmasa da sərkərdələr,
Qazanmırdı heç bir zəfər.
Cənubdan hərb gözlənirkən,
Şərqdən gəlir qoşun birdən,
Basılınca burda düşmən
Coşur, hücum edir sudan.
Çar ağlayıb, düşdü dərdə,
Oyaq qaldı gecələr də.
Dedi: - "Bu bir həyat deyil,
Bir an canım rahat deyil".
Bir münəccim vardı, ona
Məktub yazdı yana-yana.
Dərdə dərman istədi çar,
Münəccimi tapıb çapar,
Bu məktubu verdi ona,
Gəldi çarın sarayına,
Baş endirdi, sonra haman
Çıxardıb öz torbasından
Qızıl xoruz verdi çara,
Dedi qoca hökmdara:
- "Bunu qoy bir mil üstünə
Heç kəs hiylə gəlməz sənə".
Ara sakit olan zaman...
Xoruz baxar səs salmadan.
Lakin qonşu ölkələrdən
Sənə hücum olsa birdən,
Ya üstünə gəlsə düşmən,
Ya qopsa bir başqa tufan,
О bir anda işi anlar,
Qanad çalar, bərkdən banlar".
Çar elədi təşəkkürlər,
Vədə verdi dağlar qədər
Ona qızıl, basdı dilə,
Söylədi çox sevinc ilə:
- "Qəlbindən nə keçsə, həmən
Öz işim tək görərəm mən".
 
Qızıl xoruz gecə-gündüz,
Mil üstündə oturub düz
Qoruyurdu sərhədləri,
Görəndə bir hərb əsəri
Xoruz dərhal oyanırdı,
Həmən səmtə dolanırdı.
Banlayırdı: "Quqquluqu,
Çar, almasın səni qorxu".
Sonra çalıb yenə qanad
Deyirdi: - "Sən asudə yat".
Qonşular da çəkinirdi,
Hərb etməyib çəkilirdi.
Götürmüşdü elə çara,
Batmırdı bir kimsə çara.
 
Bir-iki il keçdi belə.
Xoraz durdu sakitliklə.
Bir gün çarı oyadaraq
Sərkərdələr söylədi: - "Qalx,
Dərd üz verib ölkəmizə!"
- "Nə var, nə olmuşdur sizə?"
Əsnəyərək soruşdu çar...
Sərkərdələr, pəhləvanlar
Cavab verdi: - "Xoruz yenə
Səs-küy salır dönə-dönə.
Paytaxta üz verib kədər,
Nigarandır bütün şəhər".
Nə var, nə yox, baxsın deyə,
Çar yanaşdı pəncərəyə.
Gördü durub mildə dümdüz
Şərqə tərəf baxır xoruz,
Qanad çalır; qışqırdı çar:
- "Tez atlanın, görün nə var!"
Dadon çarın böyük oğlu
Qoşun alıb tutdu yolu.
Xoruz susdu, kəsildi səs,
Çar da rahat aldı nəfəs.
 
Keçdi səkkiz axşam, səhər,
Ordudan yox hələ xəbər,
Başlanmışmı vuruşmalar,
Ya hələ yox? Bu haqda çar
Almayırdı bir məlumat.
Xoruz yenə çaldı qanad,
Bərk banladı. Tez hökmran
Ordusuna verdi fərman.
Böyüyünün köməyinə
Getdi kiçik oğlu, yenə
Xoruz susdu, keçdi günlər,
Keçdi səkkiz axşam, səhər,
Gedənlərdən yoxdu xəbər,
Xalqı tutdu qorxu, kədər.
Xoruz yenə qanad çaldı,
Bərk banladı, səs ucaldı.
Dadon qoşun çəkdi səf, səf,
Tez yollandı şərqə tərəf.
 
Ordu getdi gecə-gündüz,
Gücdən düşdü, qaldı gücsüz.
Nə bir vuruş, nə bir məzar,
Nə ordugah görmədi çar;
Dərin-dərin fikrə daldı,
Belə işə heyran qaldı.
Səkkizinci günü səhər
Bir dik dağa yetişdilər.
Gördülər bir ipək çadır,
Sakit yerdə bir tək çadır,
Sağ yanında onun dərə.
О dərədə düşüb yerə
Qırılıbdır qoşun-ləşkər.
Öyrənməkçin düzgün xəbər
Tez çadıra yollandı çar,
Gördü qorxunc mənzərə var.
İki oğlu düşüb səssiz,
Dəbilqəsiz və zirehsiz,
Bir-birinə qılınc sancıb,
Kəhərləri çölə qaçıb.
О sahibsiz harın atlar,
Çəmənlərdə gəzib, otlar.
Çar elədi çox ahu-zar
Söylədi ki: - "Ah, balalar,
Ömrüm, günüm olsun qara.
Şahinlərim düşdü tora.
Dərd əlindən yanır könlüm,
Son günümdür, gəlir ölüm".
Hamı etdi şivən, fəğan.
İnildədi, ağladı qan.
Inildədi çöl, dərə, dağ,
Çadır lay-lay açılaraq
Şamaxı şahının qızı
Gözəlliyin şən ulduzu
Təzim etdi Dadon çara.
Baxan kimi bu nigara
Günəş görsə gecə quşu
Necə gedər ağlı-huşu,
Elə huşu getdi çarın,
Təzə ölmüş oğulların
Matəmini unutdu çar.
Dadonu о gözəl nigar
Qarşıladı çox hörmətlə,
Gülər üzlə, məhəbbətlə.
Taxıb qoluna qolunu,
Çadırına çəkdi onu.
Oturmağa yer göstərdi,
Hər cür dadlı yemək verdi.
Uzanmaqçın, bir zərxara
Taxt göstərdi xanım çara.
Burda qaldı bir həftə düz
Çar kef çəkdi gecə-gündüz.
Qız eylədi cadu ona
Çar tutuldu əfsununa.
 
Axır gəldi çatdı səfər,
Hazırlaşdı qoşun, ləşkər.
Gənc qızı da götürdü çar,
Yola düşdü pəhləvanlar.
Çardan qabaq getdi xəbər,
Yayıldı çox şayiələr.
Şəhər əhli dəstə-dəstə
Darvazada, yolun üstə
Qarşıladı hökmdarı,
Yoldan gəlmiş qonaqları.
Arabanın arxasınca
Qaçıb uşaq, cavan, qoca
İzlədilər Dadon çarı
Gətirdiyi nazlı yarı...
Yol gedərkən, çar da hərdən
Salamladı xalqı; birdən
Sağ tərəfə baxan kimi,
Gördü dostu münəccimi.
Qu quşu tək geyinib ağ,
О qoymuşdu şiş bir papaq.
Çar söylədi: - "Ata, salam!
Nə əmrin var mən hazıram".
Münəccim tez verdi cavab:
- "Artıq gəlib çatıb hesab,
Yadındadır, a dostum çar,
Aramızda şərtimiz var,
İlk arzumu öz arzun tək
Bitirəsən dərhal gərək,
Bu şahzadə gözəli sən
İndi mənə verməlisən".
Çar heyrətlə dedi: - "Şeytan
Çıxarıbdır səni yoldan?
Gör fikrindən keçir nələr,
Ağlın yoxdur sənin məgər?
Doğrudur ilk görüşürkən
Sənə vədə vermişdim mən.
Hər işdə sərhəd var, ancaq
Məni tanı, gör kiməm, bax.
Məndən istə pul, boyarlıq,
Şahanə at, yarımçarlıq".
Münəccim söylədi: - "Dövlət,
Rütbə lazım deyil, əlbət
Bu şahzadə gözəli sən
Gərək mənə pay verəsən".
Eşidincə bu sözü çar
Tüpürərək dedi:
- "Kaftar, tltifat görməzsən daha!
Gəl özünü nahaq yorma.
Hələ sağkən rədd ol burdan...
Qovun getsin, qoca şeytan!"
Qoca etmək istədi bəhs,
Şahlarla bəhs etmək əbəs.
Vurdu ona çar əsanı,
Dəydi yerə, çıxdı canı,
Həlak oldu qoca bədbəxt,
Əsdi bundan bütün paytaxt.
Təkcə qız bilmədən günah,
Bərkdən güldü: ha-ha-ha-ha.
Dadon tutqun olsa belə
Gülümsədi о gözələ,
Yollandılar tez şəhərə.
Bir səs qalxdı, birdən-birə
Uçdu gəldi qızıl xoruz,
Qondu çarın başına düz.
Bərk çırpındı, səs-küy saldı,
Dadona bir dimdik çaldı.
Çar yıxıldı arabadan,
Bir ah çəkdi, tapşırdı can.
İtdi gözdən şahzadə qız,
Ondan xəyal qaldı yalnız.
Nağıl yalan olsa da bax,
Bir dərs alar ondan qoçaq!