Xəbərlər

Sosial xidmət müəssisələrindən 12 uşaq yenidən doğma ailəyə qayıdıb

Bakı, 21 iyun, AZƏRTAC

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 nömrəli sosial xidmət müəssisələrində hazırda 290 uşaq daimi dövlət təminatında yaşayır.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində hər iki sosial xidmət müəssisəsində uşaqların yaşayışı, hərtərəfli təminatı və reabilitasiyası üçün müasir tələblərə uyğun şərait yaradılıb. Həmin müəssisələrdə uşaqların ətraf mühitə uyğunlaşmasına mane olan funksional çatışmazlıqların, davranış problemlərinin aradan qaldırılması, ilkin bacarıq və vərdişlərə yiyələnmələri üçün müvafiq işlər aparılır, onların doğma ailə mühitinə qayıtmaları istiqamətində tədbirlərə xüsusi əhəmiyyət verilir.

 

Övladları ilə görüşə gələn valideynlərlə fərdi qaydada və maarifləndirici söhbətlər aparılır. Bəzən valideynlər övladlarını həmin müəssisələrə verdikdən bir müddət sonra yenidən onlarla görüşə gələrkən uşaqlarının davranışında müəyyən müsbət dəyişikliklər görərək onları yenidən özləri ilə ailələrinə qaytarırlar. Görülən tədbirlərin nəticəsi kimi, cari ilin ötən dövründə həmin sosial xidmət müəssisələrindən 12 uşaq yenidən doğma ailəsinə qayıdıb.