Görkəmli şəxsiyyətlər

Mixail Vasilyeviç Lomonosov

Moskva Universitetinin təsisçisi, tanınmış rus alimi Mixail Lomonosov 1711-ci il noyabrın 19 Arxangelsk vilayətinin Xolmoqor qəzasının Denisovka kəndində anadan olub.


 
Balıqçı ailəsində anadan olan, 10 yaşından atasına balıq tutmaqda kömək edən Lomonosovun oxumağa böyük həvəsi var idi. O bütün gününü balıq tutmaqla keçirib oxumaqdan məhrum olmaq istəmirdi. Elmə olan böyük marağına görə o, 1730-cu ildə bütün işlərini buraxır və Moskvaya təhsil almağa gedir.

 

Lomonosovun atası Vasili Dorofeyeviç Moskvada kilsə təhsili almışdı və dövrünün ən savadlı adamlarından biri idi. Vasili Dorofeyeviçin böyük bir kitabxanası da var idi.

 

Mixail Lomonosovun anası Elena İvanovna isə keşiş köməkçisinin qızı idi. Lomonosov hələ balaca olarkən anası vəfat etmişdi. Oğlunda kiçik yaşlarından kitaba, oxumağa sevgini də anası yaratmışdı.

 

Kitaba, elmə sevgisi sayəsində artıq o, 1730-cu ildə Moskvaya gedərkən müəyyən biliklərə sahib idi. 1731-ci ildə «Slavyan-yunan-latın» akademiyasına daxil olur. Burada oxuduğu müddətdə Mixail latın dilini, siyasət və ritorikanı, qismən də fəlsəfəni öyrənir. 

 

Lomonosov 1753-cü ildə həyatının ilk təhsil dövrü haqqında İ.İ. Şuvalova yazmış: “... danışılması mümkün olmayan kasıbçılıq: hər gün 3 qəpik pul xərcləyirdim. Bu yalnız çörəklə kvas içməyə çatırdı, bundan əlavə yeməyə, kağıza, geyimə və s. böyük ehtiyacım olsa da buna heç cür imkan yox idi. Bu ehtiyaclar içərisində 5 il yaşadım, hər çətinliyə dözdüm, lakin elm öyrənməyi dayandırmadım”.

 

1735-ci ildə akademiyanı bitirən 12 tələbə, o cümlədən Lomonosov Peterburqa, gimnaziyada oxumağa göndərilir. 1736-cı ilin avqustunda isə təhsilini davam etdirmək üçün Mixail də olmaqla üç şagird Almaniyaya gedir. O, iki il yarım orada oxuyur və məşhur alim Xristian Vulfun yanında olur. Bu dövrdə Lomo-nosov riyaziyyatı və mexanikanı, fizikanı və kimyanı, alman və fransız dillərini və bir çox ümumtəhsil fənlərinin əsaslarını öyrənir. 

 

1741-ci ildə Vətənə qayıtdıqdan sonra Xristian Vulfun fizika kursu kitabını rus dilinə tərcümə edir. Bu kitab rus dilində birinci fizika dərsliyi olub. Xarici alimlərin əsərlərini tərcümə etməsinə baxmayaraq, Lomonosov bunun qarşılığında heç bir maaş almırdı.

 

Yalnız Yelizavetanın taxta gəlməsi ilə 1742-ci ilin yanvarında Lomonosov  Peterburq Elmlər Akademiyasında  fizika sahəsində işləməyə başladı. Burada işlədiyi müddətdə təbiətşünaslığa aid mühüm tədqiqatlar aparır, böyük çətinliklə Rusiyada birinci kimya elmi-tədqiqat laboratoriyası açmağa nail olur. 1745-ci ildə Lomonosov kimya professoru təyin edilməsi üçün akademiyaya ərizə təqdim edir. Akademiyaya kimya professoru təyin edilməsi həyat yoldaşının xaricdən gəlməsi ilə eyni vaxta təsadüf etmişdi. 4 il sonra Yelena adlı bir qızları dünyaya gəlmiş, o vaxtdan etibarən Lomonosovun təhlükəsiz və sakit həyatı, elmi fəaliyyətinin çiçəklənmə dövrü başlamışdı. Bu mərhələyə qədər Lomonosov da dövrün bir çox alimləri kimi müəyyən  çətinliklərdən keçmiş, müxtəlif sahələrdə özünü sınamışdı. 

 

Lakin onun əsas kəşfləri kimya, fizika və astronomiya ilə bağlı olmuşdu. Lomonosov 100-ə yaxın müxtəlif fiziki, meteoroloji, kimyəvi və s. cihazlar hazırlayıb. 

 

1754-cü ildə Lomonosov termometr və başqa cihazları çox yüksəkliyə qaldırıb oradakı şəraiti öyrənmək üçün «aerodinamik maşın» qurmuşdu.

 

Rusiyada elmin inkişafı naminə universitet açılmasının tərəfdarı olmuş və plan hazırlanarkən təkidlə tələb etmişdi ki, ora zadəganlarla yanaşı, kasıbların da uşaqları qəbul edilsin. 1755-ci ildə onun layihəsi üzrə Moskvada ilk uni¬versitet açılmışdı. Hazırda bu ali təhsil ocağı onun adını daşıyır.

 

Lomonosov ömrünün sonuna qədər yaxınlarına, qohumlarına kömək etməyi də unutmamış, onları Peterburqa çağırmış, əlaqələri gücləndirmişdi. 

 

O, 1765-ci il aprelin 15-i vəfat edib.