Xəbərlər

Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi

İyunun 23-də Milli Gimnastika Arenasında yeniyetmələrin Olimpiya Oyunlarına təsnifat xarakterli idman gimnastikası yarışlarına start verilib. Bu il oktyabrın 6-18-də Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Yay Olimpiya Oyunlarına vəsiqə qazanan kişi və qadın idman gimnastları məhz Bakıda müəyyənləşəcək.

 

AZƏRTAC xəbər verir ki, ilin ən mötəbər turnirinə lisenziya qazanmaq üçün 32 ölkədən 52 kişi və 44 qadın idman gimnastı Bakıda mübarizə aparır. Kişi gimnastlar 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında yarışırlar.

 

Ölkəmizi isə bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edirlər.

 

Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə edəcəklər.