Bu maraqlıdır!

Əsrarəngiz güzgülər aləminə səyahət. 4 hissə

Səmanın keşiyində

 

Biz dünyanın yeddi möcüzəsindən biri olmuş Faros mayakının necə işlədiyini artıq bilirik. Əslində bu mayak iki min il əvvəl yaradılan ilk projektor idi. Mayakdakı tonqalın işığı tuncdan olan yastı güzgülərdə əks olunurdu. Sonra projektorlarda çökük güzgülər əsasında daha mükəmməl qurğular tətbiq olundu. Amma onların yaranmasına qədər uzun əsrlər keçdi. 


Adama elə gəlir ki, çökük güzgülərdə qəribə heç nə yoxdur: belə güzgülər bir növ yaxşı pardaxlanmış qaşığa və ya çömçəyə bənzəyir. Amma bu sadə üsul dərhal tapılmayıb. Bunun üçün əvvəlcə rəngsiz, şəffaf və qovuqcuğu olmayan keyfiyyətli şüşə bişirməyi, sonra onu çökük, sferik formaya salmağı öyrənmək, daha sonra səthini eyni bərabərdə güzgü qatı ilə örtmək lazım idi...


Çökük güzgünün əksetdirmə qabiliyyətinin keyfiyyəti onun səthinin nə dərəcədə həndəsi dəqiqliklə düzəldilməsindən asılıdır. Uzun illər belə şüşələri gözəyarı hazırlayırdılar. XVII əsrdə iki fransız riyaziyyatçısının – Rene Dekartın və Pyer Fermanın elmi işləri sayəsində çökük güzgülərin yaradılması nəzəriyyəsində bəzi məsələləri aydınlaşdırmaq mümkün oldu. Amma həndəsi biliklərin köməyi ilə belə güzgüləri yalnız iki əsrdən bir qədər çox sonra hazırlamağa başladılar. 


Hələ orta əsrlərdə Almaniya kilsələrindəki çıraqlarda yandırılan şamların alovu metaldan olan  çökük güzgülərin təsiri ilə daha da güclənirdi. Belə çıraqlar bir növ güzgülü işıq əksetdiriciləri ilə təchiz edilmiş küçə fənərlərini xatırladırdı. 


Napoleonun apardığı müharibələrdə fransız əsgərləri işıq siqnallarını ötürmək üçün çökük güzgülərdən istifadə edirdilər. Doğrudur, işıq əksetdiricilərinin qüsurlu olması səbəbindən bu yenilik özünü doğrultmadı. Yalnız 1870-1871-ci illər Fransa-Prussiya müharibəsindən sonra fransız zabiti A.Manjen əksetdirmə qabiliyyəti əvvəlki nümunələrdən üç dəfə güclü olan  yetərincə keyfiyyətli projektor güzgüləri yarada bildi. 


Həmin vaxt işıqlandırma üçün etibarlı elektrik mənbələri yarandı. Projektor istehsalına maraq artdı. Sonralar projektorları parabolik formalı güzgülərin yaradılması yolu ilə təkmilləşdirdilər. Parabolanın fokusunda parlaq lampa yerləşdirdilər. Ondan əks olunan şüalar bir-birinə paralel olub güclü işıq dəstəsi əmələ gətirir, demək olar, səpələnmədən gecənin qaranlığını yarırdı.  Rus alimi V.N.Çikolevin tədqiqatları bu işin irəliləməsinə kömək etdi. XIX əsrin sonunda o, projektorlardan yayılan işıq dəstəsinin ölçülməsi nəzəriyyəsini işləyib hazırladı. O vaxtdan etibarən parabolik əksetdiricilər projektorların digər bütün tiplərini geridə qoydu. 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması ilə bu məhsula tələbat görünməmiş miqyasda artdı. Düşmənin təyyarə və dirijablları ilə mübarizə aparmaq üçün parabolik əksetdiricilərdən istifadə edirdilər.


Rus ordusunda və donanmasında projektorlar ilk dəfə Rusiya-Yaponiya müharibəsində (1904-1005-ci illər) Port-Arturun müdafiəsi zamanı tətbiq edildi.


Bu maraqlıdır: 1945-ci ilin aprel ayı idi. Böyük Vətən müharibəsi bitmək üzrə idi. Sovet qoşunları faşist Almaniyasının paytaxtına hücuma hazırlaşırdı. Ordu komandanı G.K.Jukov möhkəmləndirilmiş Berlini almağın ən asan yolu barədə düşünürdü. O, çox vaxt döyüşlərdə  düşmənin gözləmədiyi üsullara əl atırdı. Bu dəfə də faşistlər üçün “sürpriz” hazırlamışdı.


1945-ci il aprelin 16-da  gecənin sakitliyini minlərlə silahdan açılan atəşin gurultusu pozdu. Düşmənin istehkamları yarım saat top atəşinə tutuldu. Sonra siqnal raketləri səmaya buraxıldı. Düşmən mövqelərinə tuşlanmış 140 güclü zenit projektoru eyni vaxtda yandı. Hədsiz güclü işıq almanların gözlərini qamaşdırdı və onların artilleriya hücumundan salamat qalmış mövqelərini üzə çıxardı. Yüzlərlə sovet tankı bu hədəflər üzərinə hücuma keçdi... Dan yeri ağarana yaxın G.Jukovun qoşunları almanların müdafiə xəttinin birinci zolağını ələ keçirdilər və ikincisinin üzərinə hücuma keçdilər. 

 

 

Uzaq aləmlərin kəşfi

 

 

Astronomlar ulduzlu səmanı teleskop vasitəsilə müşahidə edirlər. Bu optik cihazın adı iki yunan sözündən  - “tele” – “uzaq” və “skopeo” – “baxıram” sözlərindən yaranıb. Deyilənə görə, teleskopun kəşfinə iki oğlan kömək edib. Dörd yüz ilə əvvəl Hollandiyanın Middelburq şəhərində Hans Lippersqey adlı bir nəfər yaşayırdı. O, eynəklər üçün linza şüşələr hazırlayırdı. Onun iki kiçik oğlu vardı. Bir dəfə ata evdə olmayanda, uşaqlar hazır linzaları mizin üstündən götürüb bu şüşələrlə müxtəlif əşyalara baxmağa başladılar. Sonra kiçik boruya iki linza qoydular  və çox təəccübləndilər. Uzaqda olan, cizgiləri adi gözlə çətinliklə seçilən tikililər birdən-birə çox aydın görünməyə başladı. Deyilənə görə, müşahidə borusu belə ixtira edildi. Əvvəlcə ondan əyləncə məqsədi ilə istifadə edirdilər. Amma tezliklə yeni cihaz ciddi məqsədlər üçün lazım oldu, dənizçilərin, səyyahların, sərkərdələrin, daha sonra astronomların işinə yaradı. 


Böyük italyan alimi Qalileo Qaliley bir çox elmlər, o cümlədən astronomiya ilə maraqlanırdı. O, ulduzlu səmanın sirlərini açmaq xəyalı ilə yaşayırdı. Amma uzaq aləmləri adi gözlə görmək mümkündürmü? Qaliley Hollandiyada müşahidə borusunun kəşf edildiyini eşidəndə, bu borunu astronomik müşahidələrə uyğunlaşdırmaq qərarına gəldi. 1609-cu ildə alim ilk teleskopunu düzəltdi. Amma bu teleskop ölçünü yalnız üç dəfə böyüdürdü. Buna baxmayaraq, o dövrdə bu, böyük nailiyyət idi. Qaliley Venesiyada, Müqəddəs Mark meydanındakı uca zəng qülləsində yeni alətin imkanlarını öz tanışlarına nümayiş etdirirdi.

Bu mötəbər insanların təəccübü Lippersqeyin oğullarından heç də geri qalmırdı. İlk uğur Qalileyi ruhlandırdı. Tezliklə o, əşyaların təsvirini  32 dəfə böyüdən daha mükəmməl teleskop hazırladı. Məlum oldu ki, Ayın səthi əvvəllər hesab olunduğu kimi bircinsli deyildir. Onun səthi dağlarla örtülüb, kraterlərlə doludur. Alim Yupiter planetinin 4 peykini kəşf etdi. Hələ dünən başdan-başa ağ zolağa bənzəyən Kəhkəşan teleskopla baxanda çoxsaylı uzaq ulduzlar toplusuna bənzəyirdi. Günəşdə ləkələr görünürdü...


Qalileyin kəşfləri o dövrün elm adamlarına çox güclü təsir göstərdi. Amma katolik kilsəsi Qalileyi dünyanın yaradılışı barədə xristian elminin ehkamlarını sarsıtmaqda ittiham etdi. Onu Romaya, kafirlərə divan tutan inkvizisiya məhkəməsinə çağırdılar. Qoca alim dəfələrlə sorğu-sual edildi, həqarətlərə məruz qaldı. Bütün bunlara tab gətirməyən Qaliley öz əqidəsindən dönmək, hamı qarşısında tövbə etmək məcburiyyətində qaldı. Teleskop böyük alimin həyatında bu cür məşum rol oynadı.