Bu maraqlıdır!

İtlər boğuşandan sonra barışmağı bacarmır

Alimlər müəyyən ediblər ki, canavarlar boğuşandan bir neçə dəqiqə sonra normal davranmağa başlayır və hətta rəqibi ilə oynamağa başlayırlar. İtlər isə əksinə, boğuşduğu həmcinsindən uzun müddət aralı gəzirlər. Tədqiqatçılar canavarların acığının tez soyumasını sürüdə yaşamağın əsas şərti sayırlar, itlər isə nədənsə bu xüsusiyyəti itiriblər. Tədqiqatın nəticələri “Royal Society Open Science” jurnalında dərc olunub. 


Materialda deyilir ki, canavarlar sürü şəklində yaşayan heyvanlardır. Sürünün yaşaması üçün orada spesifik davranış formaları mövcuddur. Məsələn, canavar sürüsündə lider olmaq, yemək və cütləşmə qaydaları hökm sürür. Sürüdə boğuşmadan sonrakı davranış qaydaları da formalaşıb. İtlər də sürü şəklində yaşayan heyvanlar sayılır, amma bu xüsusiyyət onlarda yoxdur.  


Tədqiqatçılar boğuşandan sonra heyvanların davranış qaydalarını müəyyənləşdirmək üçün bir-birini tanımayan canavar və itlərdən dörd sürü yaradıblar. Tədqiqatçıların gözlədiyi kimi, heyvanlar tez-tez boğuşublar. İtlərə nisbətən canavarlar daha tez-tez münaqişə ediblər: saatda təqribən bir dəfə. Amma tez-tez boğuşduqları kimi, tez də barışıblar, heç 10 dəqiqə keçməmiş bir yerdə oynamağa başlayıblar. İtlərin boğuşması daha sərt olub. Sonra onlar uzun müddət bir-birindən aralı gəziblər. 


Müəlliflər hesab edirlər ki, canavarların sürü psixologiyası onların vəhşi təbiətdə yaşaması üçün çox əhəmiyyətlidir. Belə ki, sürünün mövcudluğu, birlikdə ov etməsi dəstədəki heyvanların hərəkətlərinin nə dərəcədə ahəngdar olmasından asılıdır. Minilliklər ərzində əhliləşdirilən itlər isə bu vərdişi tamamilə itiriblər. İnsan yanında həyat öz növünün digər nümayəndələri olmadan keçinmək bacarığını itlər üçün daha əhəmiyyətli edib.