Xəbərlər

Altı yaşı tamam olmayan uşaqlar üçün yenilik

Bakı, 6 iyul, AZƏRTAC  


Altı yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumtəhsil müəssisələrinin birinci sinfinə müsabiqəsiz qəbul ediləcək .Prezident İlham Əliyev ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Fərman imzalayıb. Dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək altı yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.


 Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrinə 2018-2019-cu tədris ili üzrə 2.406 nəfər altı yaşı tamam olmayan uşaq üçün müraciət daxil olub. Həmin uşaqların valideynləri artıq mektebeqebul.edu.az elektron sistemi vasitəsilə şəxsi kabinetə daxil olaraq məktəb seçimi edə bilərlər.


Qeyd edək ki, indiyədək xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu iyun və iyulda müsahibə üsulu ilə aparılırdı.