Xəbərlər

“Qızıl balıq” - yeni nağıl kitabı

Bakı, 6 iyul, AZƏRTAC 


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəis müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Qızıl balıq” nağıl kitabı işıq üzü görüb. 


AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitab həm Azərbaycan uşaq ədəbiyyatının inkişaf etdirilməsi, həm də xüsusi istedadlı uşaqların aşkara çıxarılması və onlara öz bacarıqlarını göstərmək imkanlarının yaradılması baxımından böyük əhəmiyyətə malikdir.


Müasirliyi və orijinallığı ilə seçilən “Qızıl balıq” nağılı gənc rəssam Gilan Əzizxanlının rəhbərliyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Bacarıqlı əllər” rəsm dərnəyinin üzvləri tərəfindən fırçaya alınıb. Dərnəyin 10-a yaxın üzvü öz fantaziyalarını və bacarıqlarını göstərərək, nağılın süjetinə və obrazlarına uyğun rəsmlər çəkiblər. Həmin rəsmlər əsasında nağıl kitabı hazırlanaraq “CBS Polygraphic Production” mətbəəsində nəfis şəkildə çap edilib.


Yaxın günlərdə balaca rəssamların iştirakı ilə kitabın təqdimatının keçirilməsi nəzərdə tutulur.


Qeyd edək ki, kitabın müəllifi V.Haqverdiyev “Müasir uşaq nağılı” müsabiqələrində, eləcə də analitik yazı müsabiqələrində dəfələrlə yüksək yerlərə layiq görülüb.