Nağıllar, hekayələr

Zahid Xəlil. Çiyələklərin çəhrayı nağılı

Çiyələklər salxımlanmışdı. Gözdə qulaqdaydılar ki, görsünlər bostana kim gələcək. Elə bu zaman ağ bantları bir cüt kəpənəyə oxşayan qəşəng bir qız gəlib çıxdı. Qoz boyda bir çiyələk dedi:
—Qəşəng qız, məni dərib yeyə bilərsən. Bal kimi şirin, qaymaq kimi ləzzətliyəm. 
Qız çiyələyin səsini eşitməyib onun yanından keçdi. Çiyələk hirsindən daha da qızardı. Balaca bir çiyələk qıza baş əydi: 
—Dünyada məndən ləzzətlisini tapa bilməzsən. Bax, üstümdəki xalları görürsənmi? Xalis mirvari dənələrinə oxşayır. Hələ burnumu demirsən. Qızılı-çəhrayı burnumun dadını heç yerdə görməzsən. Qız elə bil bu sözləri eşitmədi. Çiyələkliyin lap ortasına kimi getdi. Birdən bapbalaca bir çiyələk gördü. 
Sərçə gözünə oxşayan balaca çiyələk qığılcım kimi parıldayırdı. Qız əyilib onu sığalladı. Çiyələk dedi: 
—İstəyirsən sənə bir çəhrayı nağıl danışım. 
—Çəhrayı nağıl? Ömrümdə belə nağıl eşitməmişəm. 
Məgər nağılın da rəngi olar? 
—Əlbəttə olar. Bax, əgər sən alça bağına girmiş olsan yaşıl nağıl dinləyə bilərsən. 
—Bəs gilasların nağılı nə rəng olur? 
—O baxır gilasın rənginə. Əgər tünd qırmızı gilas bağına girmisənsə deməli məxməri nağıla qulaq asacaqsan. Əgər sarı gilas bağına girmisənsə...
 —Aydındır, — deyə qız onun sözünü kəsdi. 
—Deməli hərənizin nağılı öz rənginizdə olur. Onda sən öz çəhrayı nağılını danış. Çiyələk balaca yarpağı ilə qulağını qaşıyıb sözünə başladı: 
—Biri var idi, biri yox idi, dünyada çiyələk kollarından başqa heç nə yox idi. Günlərin birində kollar balaca-balaca yaşıl meyvələr gətirdi. Elə ki meyvələr bir az böyüdü, başladılar mübahisəyə. Biri dedi:
—Mən hamıdan yaşılam. Lap alçadan da yaşıl. 
—Mən isə həm yaşılam, həm də alça kimi turş. Yəqin biz elə turş olsaq yaxşıdır. Çiyələklər necə mübahisə edirdilərsə qapının döyülməyini xeyli eşitmədilər. Birdən kimsə dedi: 
—Qapını döyürlər, eşitmirsiniz? Durub açdılar. Amma qapını döyənin kim olduğunu görə bilmədilər.
—Kimdi qapını döyən? — deyə çiyələklərdən biri qışqırdı. 
—Niyə qışqırırsan, bala, səsin özünə xoş gəlir? Kimsə onların lap burnunun ucunda danışırdı. Amma heç kəs bu çağrılmamış qonağı görə bilmirdi. 
—Axı sən kimsən? Görünür sehrbazın birisən. 
—Yox mən sehrbaz deyiləm. Həkiməm. Sizə iynə vurmağa gəlmişəm. Çiyələklər bir ağızdan qışqırdılar: 
—Yox, bizim heç birimiz xəstə-zad deyilik. Həkimə də ehtiyacımız yoxdur. Çıx get. 
—Eh bilsəydiniz mən necə həkiməm. Dünyada mənim kimi ikinci bir həkim yoxdur. İynəni də elə vururam ki, heç kəsin xəbəri olmur. Axı mən yer üzündə yaşayanların hamısına iynə vururam. İndi isə salamat qalın. Hələ mənim yolumu gözləyənlər çoxdur.
—Bəs iynə vurmayacaqsınız? - deyə kiminsə dili dinc durmadı. 
—Mən artıq sizin hamınızı iynələmişəm. Bir azdan iynəm öz təsirini göstərəcək. Həkim necə gəlmişdisə eləcə də getdi. Heç onu görən də olmadı. Qız çiyələyin nağılını burada yarımçıq kəsib soruşdu: 
—Axı bu həkim kim idi? 
—Qulaq as, qəşəng qız. Bu həkim doğrudan da düz deyirmiş. O gedəndən sonra biz özümüzü lap xoşbəxt hiss etdik. Daha əvvəlki kimi mübahisə etmirdik. Yavaş-yavaş rəngimiz qızarmağa başladı. Hamı sevinirdi: 
— Mənim paltarım xalis qızıl rəngindədir. 
—Heç mənimkini demirsən, ərik çiçəyi kimi qızarmışam. Birdən həmin həkim yenə gəlib çıxdı. 
—Salam, əziz balalar, deyəsən yavaş-yavaş qızarırsınız? 
Bu dəfə də o bizdən gizlənmək istəyirdi. Ancaq onu hamıdan əvvəl mən gördüm. Adamın gözlərini qamaşdırırdı. Ağ-çəhrayıya çalan paltarı var idi. Birdən gördüm ki, onun çoxlu uzun qolları var. Hər əli ilə bizim birimizin başını sığallayırdı. Amma onun başını görə bilmədim. Çünki başı hardasa lap uzaqda idi. Bəlkə də göyün yeddinci qatındaydı. Həkim gedəndən sonra biz daha da şirinləşdik. Bax, indi də elə yetişmişik ki, lap bal kimiyik. Hansımızı istəsən yeyə bilərsən. 
Qız balaca çiyələyi dərdi. Əlində balaca qığılcıma oxşayan çiyələk, ürəyində çəhrayı bir nağılın şirinliyi olan bu qəşəng qız təzə nağllar eşitmək üçün bağçaya getdi.