Nağıllar, hekayələr

Sehrli qarpız

Biri vardı, biri yoxdu, bir kənddə Xumar adlı mehriban bir qadın vardı. Xumar xala uşaqları sevər, həmişə müxtəlif şirniyyatlar bişirib onları qonaq edərdi. Qadının evinin yanında bulaq axırdı. O, səhəngə bulaq suyu doldurub hamıya paylayardı. Xumar xala ilə qonşuluqda bir qadın yaşayırdı. Deyingən olduğundan hamı ona Deyingən xala deyirdi. O, bütün günü deyinər, zəhlə tökərdi. Deyingən xala uşaqları sevməz, onları həmişə danlayardı.

 

Bir gün bir yaralı göyərçin uça bilməyib yaşıllığa düşdü. Bunu görən Xumar xala göyərçini götürdü, yaylığını kəsib yaralı qanadını sarıdı, başından öpüb evinə apardı. Həmin gün Xumar xala uşaqları yenə də şirniyyata qonaq etmişdi. Uşaqlar yaralı göyərçini görən kimi başına yığışdılar. Biri ona buğda, digəri su verdi. Uşaqlardan ən kiçiyi isə sevinə-sevinə kəndə qaçdı:

- Bizim evdə gözəl göyərçin var! Bunu eşidən Deyingən xala tez özünü Xumar xalagilə çatdırıb dedi:
- Neyləyirsən yaralı göyərçini, onu mənə ver!
- Bəs, sənin nəyinə lazımdır?
- Pişiklərim acdır, onlara verəcəyəm!
- Nə danışırsan? Yazıq quş uça bilmir, mən onu sağaltmaq istəyirəm, sən də deyirsən ver pişiklərim yesin.
- Əvəzində sənə pul verərəm, - Deyingən xala dedi.
- Özünü yorma, verən deyiləm! Yazıq deyil, bəlkə onu balaları gözləyir? Pulunu isə qoy cibinə!

 

Bir neçə gündən sonra quş sağaldı, uçub yuvasına getdi. Balalarına yem aparıb onları sevindirdi.

 

Günlər keçdi. Balalar böyüdü. Anaları ilə birgə uçmağa başladılar.

 

Bir dəfə uçanda Ana göyərçin balalarına dağların arasında bir evi göstərib dedi:
- Baxın, o evdə yaşayan qadın məni sağaltdı. Əgər o olmasaydı, bəlkə də indi mən sizinlə birlikdə olmazdım. Göyərçin yaralı olanda həmin qadının ona etdiyi yaxşılıqdan danışıb dedi:
- Mən gərək həmin qadına yaxşılıq edəm! Göyərçin meşədən bir toxum gətirib onu qadına verdi və dedi:
- Ey mehriban, gözəl qadın! Mən sənin yaxşılığını heç vaxt unutmayacağam.

 

Bu toxumu ək, gündə ona iki dəfə su verməyi unutma! Qadın "sağ ol!" deyib toxumu götürdü. Onu əkib, gündə iki dəfə su verdi. Bir neçə aydan sonra toxumdan böyük bir qarpız yetişdi. Qadın qarpızı kəsdi. Qarpız çox şirin və dadlı idi. Amma qarpızın tumları qızıldan idi. Bu xəbər Deyingən xalaya çatan kimi paxıllığından bütün günü deyindi. Sonra fikirləşib quşa tələ qurdu. Quş tələyə düşüb ayağından yaralandı. Deyingən gəlib onun ayağını sarıdı.

Quş düz bir ay uça bilməyib Deyingən xalanın evində qaldı.

Uçub gedəndə ona çoxlu qızıl gətirməsini tapşırdı.

Quş uçub getdi. Özünə bu pisliyin əvəzini çıxacağına söz verdi.Bir gün Deyingən xala uzaqdan ona tərəf uçan quşu gördü.Quş qadına bir toxum atdı və tapşırdı ki, onu əksin, gündə iki dəfə sulasın. Qadın toxumu göydə tutub sevindi. Tez toxumu əkdi.

Günlər keçdi, qarpız yetişdi. Deyingən xala acgözlüklə onu kəsdi. Qarpızın içindən çoxlu arı uçub Deyingən xalanı sancmağa başladı. Deyingən xala hara qaçdısa, arılar ondan əl çəkmədi. Tamahkar qadın cəzasına çatdı. Xumar xala isə həmişəki kimi gülər üzü, xoşxasiyyəti ilə hamını sevindirir və bu sevincdən özünə də çoxlu pay götürürdü.