Mədəni irsimiz

Azərbaycanda operanın yaranması

Opera (italyanca inşa, iş, əmək, məşğuliyyət deməkdir) teatr sənətinin ən mürəkkəb növlərindən biridir. 


Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin “Müqəddəs Pavelin qayıdışı” (1480) dini komediyasında musiqiyə–operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.


Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) dahi Üzeyir Hacıbəylinin H.Z.Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan “Leyli və Məcnun”u ilə qoyulub.


Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilib. 1918-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul edib və Dövlət Opera Teatrının yaranma tarixi bu vaxtdan başlayır. 


Uzun müddət, yəni Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli operamız məhz Ü.Hacıbəyovun əsərləri sayəsində – “Şeyx Sənan” (1909, opera), “Ər-arvad” (1909, operetta), “Rüstəm və Söhrab” (1910, opera), “O olmasın, bu olsun” (1911, operetta), “Fərhad və Şirin” (1911, opera) və s. yaşayıb və inkişaf edib. Sonrakı illərdə Zülfüqar Hacıbəyov (“Aşıq Qərib” 1916), Müslüm Maqomayev (“Şah İsmayıl” 1919), Əfrasiyab Bədəlbəyli (“Nizami” 1948), Fikrət Əmirov (“Sevil” 1955) və digər görkəmli bəstəkarlarımız da milli opera sənətinə öz töhfələrini vermişlər. Adları çəkilən müəlliflərin, xüsusilə də Ü.Hacıbəyovun əsərləri hazırda da Milli Opera və Balet teatrının repertuarındadır.


Teatr 1959-cu ildən Akademik Teatr statusu alıb.


Müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar – Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və b. çıxış edib və bu gün də çıxış etməkdədir.