Təbiət

Bənövşəyi qurbağa

Dünyanın ən eybəcər heyvanlar sırasına daxil olan Bənövşəyi qurbağa (Nasikabatrachus sahyadrensis) — Nasikabatrachus cinsinə və Nasikabatrachidae mono fəsiləsinə aid qurbağa növüdür. Bu canlılar cəmi 14 km² ərazidə Hindistanın Qərbi Qat dağları ərazisində yayılıblar.


Növ yalnız 2003-cü ildə qeydə alınıb və təsnifatı təsdiqlənib. Ancaq bu qurbağa elə də cavan qurbağa növü deyil. 134 milyon il bundan əvvəl var olduqları iddia edilir.

 

Qubağalar ilin böyük hissəsini torpağın altında keçirir. Yalnız ildə 2 həftə mussonlar dönəmində cütləşmək məqsədi ilə torpağın səthinə çıxır. Məhz bu xüsusiyyət bu qurbağaların aşkarlanmasına maneə olub. Qidalanmaq məqsədi ilə torpağın səthinə çıxmırlar, sadəcə yer altındaca termitlə qidalanırlar.


Nasikabatrachus latın adını qəribə burnuna görə alıb.

Qurbağanın bədəni yuvarlaqdır. Bədəninin  ətrafları qurbağanın digər növlərində olduğu kimi kənara çıxır. Başı isə, əksinə, qeyri-adi dərəcədə kiçikdir. Balaca ağıza və kiçik ağ uclu bir buruna sahibdir. Kiçik gözləri demək olar ki, kordur, amma qoxu hissi əla inkişaf edib.


Sakit halda olan qurbağa bir jeleni xatırladır və bənövşəyi rəngdə olur. Uzunluqları 5—9 sm arasında dəyişir. Növün qeydə alınması zamanı araşdırma işləri aparılan qurbağanın uzunluğu 7 sm olub.


Bənövşəyi qurbağa 2008-ci ildə dünyanın 20 ən qəribə və çirkin heyvanları siyahısına daxil edilib. Adı qırmızı kitaba salınıb.