Nağıllar, hekayələr

Zahid Xəlil. "Tərs keçilər"

Onlara baxan kimi o saat başa düşürsən ki, tərs keçilərdir. Hər ikisinin buynuzu nəhəng asılqana oxşayır. Saqqalları haqqında isə gəlin heç danışmayaq. Onun əvəzinə süpürgə də bağlamaq olardı. Bu saqqallar yerlə süründü. Amma quyruqları qəşəng idi. Eləbil hər keçi bədəninə quyruq yerinə şümal bir oxlov bağlanışdı. 


Lətifə ilə Kəmalə ağacların başına dolanan cığırları hələ fırlanıb qurtarmamışdılar ki, Nurgüllə Aysel hərəsi bu tərs keçinin birinin boynuna mindi. Bayaqdan tənbəl-tənbəl yeriyən keçilər isə bircə anda iki dal ayaqlarının üstünə qalxdılar və ox kimi qabağa tullandılar. Tərs keçilər sürətlə gedəndə Lətifə işin nə yerdə olduğunu başa düşdü. Amma daha iş-işdən keçmişdi. Nurgülün qıvrım saçları qara yaylıq kimi yellənirdi. Ayselin şabalıdı saçları bir çəngə ot kimi günəşin işığı altında parıldayırdı. Tərs keçilərin oxlova oxşayan quyruqları əl kimi qalxıb arxadan uşaqları tutmuşdu ki, yıxılmasınlar.


Lətifə donub yerində qalmışdı. Kəmalə isə əlifbanın ilk hərfini höccələyən uşaqlar kimi təkcə belə deyə bildi: 
—Aaaaaaa! 


Vəssalam! Nurgüllə Aysel gözdən itdi. 


Gözlənilmədən ikinci bir hadisə də baş verdi. Yəhərli, yüyənli iki at onların qarşısında dayandı. Onlar sizin hər gün gördüyünüz atlardan heç nə ilə fərqlənmədiyi üçün daha təsvir edib vaxtmızı almıram. Amma bu atların bircə cəhəti o saat Kəmalə ilə Lətifənin diqqətini cəlb etdi. Onların yəhəri tərsinə qoyulmuşdu. Atın üstündə gərək böyrü üstə oturaydın. Amma daha bundan keçmişdi. Onlar tərs keçilərin üstündə gedən Nurgüllə Ayselə çatmalı idilər və əslində bu yəhəri tərsinə qoyulmuş atlar onlar üçün göydən düşmə oldu. 


Lətifə əvvəl Kəmaləni ata mindirdi. Atın üstündə tərsinə oturmaq birinci Tərsin lap xoşuna gəldi. Sonra Lətifə aşırılıb mindi və atlar quş kimi uçmağa başladı. Lətifə qabağa baxırdı ki, görsün tərs keçilər necə oldu. Uzaqdan onların qaraltısı görünürdü. Atlar daha sürətlə getdiyi üçün keçilərə tezliklə çatacaqdılar. Amma Lətifənin nəzərini keçilərin çatmaqda olduğu bir şəhər cəlb etdi. İlk baxışda bura da adi şəhərlərə oxşayırdı. Amma nədənsə şəhərin girəcəyindəki çinar ağacının başında müxtəlif rəngli bayraqlar külək vurduqca yellənirdi. 
—Deyəsən çox maraqlı bir ölkəyə gəlib çatmışıq. 


Kəmalə çiyninin üstündən qarşıdakı şəhərin dalğalanan bayraqlarına baxıb fərəhlə qışqırdı:
—Əlbəttə qeyri adi bir ölkəyə gəlib çıxmışıq. Gör bir ölkənin nə qədər bayrağı var. 


Onlar tərs keçilərə yetişəndə bir lövhə diqqətlərini cəlb etdi. Aysellə Nurgül keçilərin dayanmağından istifadə edib yerə düşdülər. Lətifə ilə Kəmalə də atları dayandırıb yerə atıldılar. Tərslərin dördü də bu lövhənin qabağında dayandılar. Bir müddət onu oxuya bilmədilər. Lövhədə belə yazılmışdı: «isəklö ralmada srət». 


İlk dəfə Aysel bu sözü oxudu: «Tərs adamlar ölkəsi». Bəli, bir diqqətlə baxın. Hansı tərs adamsa lövhəni tərsinə çevirib. 


Onlar diqqətlə baxanda Ayselin sözlərini təsdiq etdilər. Bax bundan sonra yaşamağına dəyərdi. Tərs adamlarla dil tapmaqdan asan nə ola bilər?! Onlar indi başa düşdülər ki, Yevlax meşəsində rast gəldikləri qoca bu tərəfə gəlməyi niyə məsləhət bilmirdi. Bəlkə də dünyanın bütün tərsləri həmin çığırla gəlib burada məskən saldıqları üçün bir də hеç zaman geri qayıtmamışlar.