Görkəmli şəxsiyyətlər

Həzi Aslanov

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində kərpic zavodunda işləyən zəhmətkeş Əhəd Aslanovun ailəsində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi Aslanov atasının işlədiyi zavodda fəhlə kimi işləməyə başlayıb. Bu vaxtdan o, şəhər komsomol təşkilatının fəaliyyətinə qoşulur. Həzi daha çox oxumağa, öyrənməyə çalışır. 1924-cü ildə savadsızlığın ləğvi üzrə üçaylıq gecə kursunu bitirir. Bundan sonra məktəblərdən birində uşaq təşkilatının rəhbəri olur. 1924-cü il sentyabrın 15-də komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilir. 1924-cü il oktyabr ayının 1-dən başlayaraq 1 nömrəli Zaqafqaziya hərbi hazırlıq məktəbində təhsil almağa başlayır. 1926-1927-ci illərdə usı avtobioqrafiyasında qeyd olunduğu kimi, məktəb gənclər təşkilatının kiatibi olmuşdur. 1929-cu ilin mayında Həzi Aslanov hərbi hazırlıq məktəbini uğurla bitirdi. Avqust ayında Zaqafqaziya Hərbi Dairəsi hərbi şurasının əmri ilə o vaxt Leninqradın özündə yerləşən Borisoqlebski-Leninqrad süvari məktəbinə göndərildi. Məktəbə çatan kimi Həzini məktəbin rəhbərliyi 231-ci əmrlə dərhal kursantlığa qəbul etdi. 1931-ci ilin iyununda Həzi Aslanov uğurla buraxılış imtahanını verdi və ona vzvod komandiri rütbəsi verildi. Beləliklə, o, süvari komandiri oldu. Verilən rütbəyə uyğun olaraq Ukrayna şəhərlərindən birinə yerləşən Kotovski adına III Bessarabiya süvari diviziyası 15-ci süvari alayında  vzvod komandirliyinə təyin olundu. 

 

1939-cu ilin əvvəlində Həzi Aslanov Kiyev Hərbi Dairəsində yeni yaradılan 4-cü mexanikləşdirilmiş korpusa daxil edilən 10-cu tank diviziyası 10-cu atıcı alayının avtonəqliyyat batalyonuna komandir əvəzi, bir az sonra isə komandir təyin edildi və kapitan rütbəsi aldı.

 

İkinci dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1939-cu ilin sonunda o, Finlandiya ilə başlayan hərbi münaqişə ilə əlaqədar Kareliyaya göndərildi. Tankçılar onun komandirliyi ilə Mannerheym səddini aşmaqda və digər döyüş əməliyyatlarında iştirak etdilər. Sovet qoşunlarının qələbəsi nəticəsində 12 mart 1940-cı ildə SSRİ Finlandiya arasında sülh müqaviləsi imzalandı. Aslanov əvvəlki vəzifəsinə - Zoloçev şəhərinə, 10-cu atıcı alayın avtonəqliyyat batalyonunun komandirliyinə qaytarıldı. 1940-cı ilin noyabrında Aslanova mayor rütbəsi verildi.

 

O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü. 1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir. 

 

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

 

 

Bakıdakı qəbri üzərində qəhrəmanın abidəsi ucaldılmışdır. 1969-cu ildə Həzi Aslanovun doğulduğu Lənkəran şəhərində ev-muzeyi açılmış, 1983-cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində böyük heykəli qoyulmuşdur. Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır. Bərdə şəhərindəki küçələrdən biri Həzi Aslanovun adını daşıyır.