Bu maraqlıdır!

Dünyanın ən məşhur səkkiz zooparkı. Sinqapur zooparkı

Sinqapur zooparkı dünyanın ən gözəl zooparklarından biridir. 1973-cü ildə fəaliyyətə başlayan bu zoopark ictimaiyyətə açıq olmasına görə məşhur olmuşdur. Bu zoopark qalın meşə ilə əhatə olunmuş su anbarının sahilində yerləşir. Bura il ərzində təxminən 1.6 milyon ziyarətçi gəlir. 
 
Fəaliyyətə başladığı ilk gündən etibarən Sinqapur zooparkında yeni üsul tətbiq edilmişdir. Belə ki, burada heyvanlar qəfəsdə deyil, təbii mühit şəraitində bəslənərək ziyarətçilərə nümayiş etdirilir.
 
Təbii şəraitdə yaşadıqlarından heyvanlar burada öz ənənəvi vərdişlərini sərbəst şəkildə nümayiş etdirirlər. Bu isə tədqiqatçılara heyvanları öz təbii mühitlərində öyrənmək imkanı yaradır. Bunun üçün 1977-ci ildə hətta tanınmış primatoloq Fransin Niqo primatlar üzərində müşahidələr aparmaq üçün 6 ay Sinqapur zooparkında 18 meymunla bir qəfəsdə yaşayıb. 
 
Zoopark ərazisində 3300-dən artıq heyvan yaşayır. Onlardan 16 faizi nəsli tükənmək üzrə olan heyvanlardır. Buna misal olaraq dünyanın ən iri kərtənkələsini – Komoda əjdahasını, sumatra pələngini, boz bəbiri,  tənbəl ayını, kul maralını, qızılı meymunu göstərmək olar. 
 
Sumatra və Borneodan gətirilmiş oranqutanqlar zooparkın ən məşhur sakinləridir. Zooparkda heyvanların iştirakı ilə bir sıra şoular təşkil olunur. Şoulardan bir neçəsi bunlardır:
 
“Oranqutanqlarla nahar” şousu ziyarətçilərə oranqutanqlarla tanış olmaq imkanı yaradır;
 
“Fillər işdə və oyunda” adlı şou cənubi-şərqi Asiyada fillərin yük heyvanı kimi istifadə olunduğunu göstərir. Bu şouda çarvadarın filə necə şalban daşımağı öyrətdiyi nümayiş olunur. 
 
“Safari mühiti” adlı şou su məməlilərini və quşları nümayiş etdirir. Bu şouda suitilər və delfinlər müxtəlif tryukları yerinə yetirir, qutanlar isə dimdikləri ilə necə balıq ovladıqlarını göstərirlər. 
 
“Heyvanların dostları” şousu zooparkın uşaqlar üçün nəzərdə tutulmuş xüsusi hissəsində keçirilir. Bu şouda ev heyvanları (itlər, tutuquşular) öz məharətlərini göstərirlər.