Mədəni irsimiz

Bakıda görkəmli şəxslərin ev-muzeyləri

Müxtəlif ölkələrə gedərkən hər birimiz adətən bir çox tanınmış muzey və qalereyalarla tanış oluruq.


Doğma Bakımızda da tanınmış yazıçıların, şairlərin, incəsənət adamlarının ev muzeyləri mövcuddur. Onlardan bəziləri ilə tanış olaq:

1. Səməd Vurğunun ev-muzeyi

Böyük şair və dramaturq Səməd Vurğunun ev-muzeyi Azərbaycanda bu formatda yaradılmış ilk muzeydir. 1974-cü ildə yaradılan muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının 3-cü mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Burada şairə aid 16 000-dən çox eksponat mövcuddur.

Ünvan: Tərlan Əliyarbəyov küç., 6 

2. Hüseyn Cavidin ev-muzeyi

Görkəmli şair və dramaturq Hüseyn Cavidin ev muzeyi 2002-ci ildə Bakıda açılıb. Muzey  Hüseyn Cavidin 1920 – 1937–ci illərdə yaşadığı evdə yerləşir. Binanın 3-cü mərtəbəsində 4 otaqlı evdə yaradılan muzey 4250 eksponatdan ibarətdir. Eksponatlar arasında məktublara, sənədli fotoşəkillərə, nəşr olunmuş kitablara, səhnə əsərlərinin proqram və afişaları və s. rast gəlmək olar.

Ünvan: İstiqlaliyyət küç.,8 

3. Cəlil Məmmədquluzadənin ev-muzeyi

Məşhur yazıçı, “Molla Nəsrəddin” satirik jurnalının yaradıcısı C. Məmmədquluzadənin ev muzeyi 1994-cü ildə yazıçının  anadan olmasının 125 illiyi münasibətilə 1920-1932-ci illərdə yaşayıb-yaratdığı 5 otaqlı evdə açılıb. Muzeyin ekspozisiyasında əsas fonddan 500 eksponat nümayiş etdirilir.  

Ünvan: Süleyman Tağızadə küç., 56 

4. Bülbülün xatirə muzeyi

Azərbaycan professional vokal sənətinin banisi Bülbülün xatirə muzeyi 1982-ci ildə açılıb. Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında 6000-dən artıq sənəd və material toplanıb. Çox sayda fotoşəkil və Bülbülün yaşadığı dövrə aid olan sənədlər muzeyi daha da dəyərli edir.

Ünvan: Bülbül pr., 15

5. Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi

Rostropoviç musiqiçiləri 1925-1931-ci illərdə Bakıda yaşayıblar. Daha sonra ailənin yaşadığı küçəyə Rostropoviçlər küçəsi adı verilib və ev muzey olub. Muzey 2002-ci ildə açılıb. Burada 2000-ə yaxın eksponat var. Muzeyin ekspozisiyası iki hissədən ibarətdir. Birinci hissədə Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havası, o dövrkü mühit əks etdirilir. Ekspozisiyanın ikinci hissəsində isə M. Rostropoviçin həyat və yaradıcılığının mühüm anları, onun Bakı ilə əlaqələrini təsdiqləyən materiallar nümayiş olunur. Muzeydə M. Rostropoviç haqqında filmlər, maestronun ifası ilə yazılmış audio kasetlər və disklər var.

Ünvan: Rostropoviçlər küç., 31

6. Abdulla Şaiqin ev-muzeyi

Abdulla Şaiq muzeyi 1990-cı ildə oğlunun təşəbbüsü ilə yaradılıb. Şair uzun illər ailəsi ilə birlikdə muzeyin yerləşdiyi mənzildə yaşayıb. Abdulla Şaiqin ev - muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.

Ünvan: Abdulla Şaiq küç., 21

7. Məmməd Səid Ordubadinin xatirə muzeyi

Görkəmli yazıçı, dramaturq Məmməd Səid Ordubadinin xatirə muzeyi 1979 cu ildə ədibin yaşayıb- yaratdığı mənzildə yaradılıb. Burada yazıçıya aid kitablar, erkən nəşrlər, fotoşəkillər, pianino və digər dəyərli əşyalar saxlanılır və nümayiş olunur.

Ünvan: Xaqani küç., 19

8. Vaqif Mustafazadənin ev-muzeyi

Caz-muğamın banisi, görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin yaşadığı mənzil 1989-cu ildə muzeyə çevrilib. 3 otaqlı ev-muzeydə V.Mustafazadəyə aid fotolar, afişalar, müxtəlif sənədlər, rəsm əsərləri, məişət əşyaları və s. saxlanılır.

Ünvan: İçərişəhər, V.Mustafazadə döngəsi 4