Xəbərlər

Yay məktəbinin ikinci mərhələsi davam edir

Bakı, 10 avqust, AZƏRTAC 

 

Paytaxtın ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunan yay məktəbinin ikinci mərhələsi davam edir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, VII-VIII sinif şagirdləri üçün təşkil olunan yay məktəbi paytaxt üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 12 məktəbi əhatə edir.

 

Yay məktəbində 1000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, ekskursiyalar, əyləncəli saatlar təşkil olunur.

 

Yay məktəbinin əsas məqsədi şagirdlərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə, intellektual və sosial aktiv gənclərin - gələcəyin liderlərinin formalaşdırılmasıdır.

 

“Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakıdakı 32 ümumtəhsil müəssisəsini əhatə edir.