Xəbərlər

Reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilən uşaqların ifasında bədii-musiqili proqram maraqla qarşılanıb

Beyləqan rayonundakı “Günərzi Qayğı Mərkəzi”ndə reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilən uşaqların ifasında “Hər birimiz bir çiçək” adlı bədii-musiqili proqram təqdim olunub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı mərkəzdə maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklərə cəlb olunmuş uşaqların səsləndirdikləri mahnı və şerlər, ifa etdikləri rəqslər maraqla qarşılanıb.

 

Mərkəz ƏƏAMN-in sosial sifarişi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən yaradılıb. Burada 3-12 yaşarası çətin həyat şəraitində olan 30-dan çox uşağa gün ərzində yarımstasionar formada sosial xidmətlər göstərilir. Həmin uşaqlardan bir hissəsinin sağlamlıq imkanları məhduddur.

 

Uşaqların və ailələrinin günərzi qayğı formasında sosial xidmətlərə çıxışını təmin edən mərkəzdə uşaqlar üçün müxtəlif məşğələlər, terapiyalar, dərnəklər təşkil olunur. Onlarda müəyyən özünəxidmət vərdişləri yaradılır, ilkin bacarıq və qabiliyyətləri inkişaf etdirilir. Məqsəd belə uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına nail olmaqla onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasıdır.

 

Yay tətili ərzində isə uşaqların istirahət etmələri, dünyagörüşünün inkişafı məqsədilə müxtəlif tədbirlər, ekskursiyalar təşkil olunur.