Mədəni irsimiz

Asəf Cəfərovun sənət dünyası

Azərbaycanın XX əsr rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı Asəf Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olub. O, əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə, sonra isə Moskvada B.İ.Surikov adına Rəssamlıq İnstitutuna daxil ololub.  


1954-cü ildən beynəlxalq, ümumittifaq və respublika miqyaslı sərgilərdə iştirak edib. Rəssamın çəkdiyi “Mənim Azərbaycanım”, “Oğullar”, “Xoruz döyüşü” süjetli tabloları, “Vaqif Mustafazadə”, “Rəşid Behbudov”, “Əlağa Vahid” portretləri, “Bakıda qış”, “Axşamçağı”, “Xınalıq” mənzərələri və “Akvarium”, “Yasəmən” natürmortları orijinallığı ilə seçilir. 


Onun əsərləri yerli və xarici muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır. Bu muzeylər sırasına Moskvadakı Tretyakov Qalereyası, Şərq Xalqlarının İncəsənət Muzeyi, İstanbuldakı Müasir Sənətlər Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi daxildir. Sənətkar 1980-ci ildə Avstriyada keçirilən Ümumdünya Təsviri Sənət Sərgisində Qran-pri mükafatına layiq görülüb. 


Asəf Cəfərov 2000-ci ildə dünyasını dəyişib.