Şeirlər

Sevinc Nuruqızı. Hər şeyin öz adı var

Hər şeyin öz adı var

Onu qoyub babalar.

Darayan “daraq” olub

Yazılan “varaq” olub.

Bostanda bükülənin

Adı “kələm” qoyulub.

Xəttiylə öyünənin

Adı “qələm” qoyulub.

Bağçamızda bitənlər

“Alma, armud, nar” olub.

Sulananı “yetişmiş”

Daş kimisi “kal” olub.

Göydən tökülən buza

“Dolu” deyib babalar.

Bax, bu insanın “sağı”

“Solu” deyib babalar.

Miyoldayana “pişik”

Hürənə “it” deyiblər.

Çağıranda “gəl” deyib

Qovanda “get” deyiblər.

Yeyilən “dadlı” olub

Yeyilməyənlər “dadsız”

Hər şeyə ad qoyulub

Heç nə qalmayıb adsız.