Şeirlər

Abbas Səhhət. "Ana və oğul"

Hər sabah gün ki, saçar aləmə nur,

Danədən ötrü uçar cümlə tüyur,

Quşlar ol dadlı civiltilə oxur.

Aç gözün uyqudan, ey tifli-qəyur.

Yatma bu payədə rahət, a -çocuq!

Etmə tənbəlliyi adət, a çocuq!

 

Gün çıxıb dağu daşa nur səpər,

Hamı dünyada çalışmağı sevər,

Hərə bir səmtə gedər əhli-hünər

Ana övladına şəfqətlə deyər:

Yatma bu payədə rahət, a çocuq!

Etmə tənbəlliyi adət, a çocuq!

 

Yanaşar bəstəri-ətfala ana,

Uyqudan yavrusu istər oyana.

Əyilər ta üzü-üzə dayana,

Çox yavaşca söyləyər onda ona:

Yatma bu payədə rahət, a çocuq!

Etmə tənbəlliyi adət, a çocuq!

 

O gözəl, sevməli, ol nurlu bəbək,

Uyqusundan oyanar əsnəyərək,

Didə məxmur, özü misli-mələk,

Madəri onda edər böylə dilək:

Yatma bu payədə rahət, a çocuq!

Etmə tənbəlliyi adət, a çocuq!

 

Ayıl, oğlum, bu qədər eyləmə xab,

Dur götür qoltuğuna indi kitab,

Məktəbin vaxtı keçir, eylə şitab

Cəhd elə elm oxu həngami-şəbab,

Yatma bu payədə rahət, a çocuq!

Etmə tənbəlliyi adət, a çocuq!