Xəbərlər

Şəmkirdə uşaq və yeniyetmələr arasında taekvondo üzrə açıq rayon birinciliyi keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, Şəmkir rayon Gənclər və İdman İdarəsi və “Böyük Yol” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Şəmkir Olimpiya İdman Kompleksində taekvondo idman növü üzrə uşaq və yeniyetmələr arasında Şəmkir açıq rayon birinciliyi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, yarışda Şəmkir, Gəncə, Göygöl, Tovuz və Gədəbəyi təmsil edən komandalardan 20 çəki dərəcəsində, ümumilikdə, 150 idmançı mübarizə aparıb.

 

Yarışın açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, icra hakimiyyətinin məsul əməkdaşları, rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, “Böyük Yol” Gənclər İctimai Birliyinin sədri Kənan İbrahimov və birliyin üzvləri iştirak edib.

 

Çıxışlarda son illərdə ölkədə idmanın inkişafı istiqamətində görülən işlərdən, əldə olunan uğurlardan danışılıb, gənclərin idmana marağının ilbəil artdığı, idman infrastrukturunun yeniləndiyi vurğulanıb.

 

Sonra yarışlara start verilib.

 

Yarışın qalibləri medal, diplom və kuboklarla təltif edilib.