Xəbərlər

“İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə “Hər kəs üçün təhsil” kampaniyası

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə yeni tədris ili və "Bilik günü" münasibətilə tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının təşkilati dəstəyi ilə keçirilən tədbirdə “Güvən” Dostluq və Xeyriyyə Cəmiyyətinin sədri Nigar Bayramlı, YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, təhsil şöbəsinin metodisti Fehruz Rəfiyev, Ağcabədi Birlik Kikboksinq klubunun rəhbəri Mehman Quliyev, Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialının əməkdaşları iştirak ediblər.

 

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova yeni tədris ilində məktəblilərə və müəllimlərə müvəffəqiyyətlər arzulayaraq deyib: “Region gəncləri ölkənin əsas innovativ potensialı və əmək resursudur. Bu resursların cəmiyyətə faydalılığını təmin etmək biz müəllimlərdən asılıdır. Bir müəllim olaraq şagirdlərimiz üçün çəkdiyiniz zəhməti yüksək qiymətləndirir və müəllimlərə uğurlar arzulayıram”.

 

Digər çıxış edənlər də uşaqları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, sentyabrın 15-nin "Bilik günü" kimi qeyd edilməsinin biliyin, savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkmək məqsədi daşıdığını bildiriblər.

 

Tədbirdə “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin balaca fidanlarının və Ağcabədi Birlik Kikboksinq klubunun kiçik yaşlı idmançılarının ifasında maraqlı səhnəciklər, rəqs və idman nömrələri nümayiş olunub.

 

Sonda "Hər kəs üçün təhsil" kampaniyası çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi və “Güvən” Dostluq və Xeyriyyə Cəmiyyəti tərəfindən bu il ibtidai siniflərə qədəm qoyacaq 50 şagirdə məktəbli çantası və dərs ləvazimatları verilib.