Mədəni irsimiz

Mərkəzi Nəbatat Bağı

Bakı şəhərində ilk dəfə olaraq Botanika bağının yaradılması haqqında təkliflər artıq 1930-cu illərdə irəli sürülmüşdü. O vaxtlar Bakı şəhəri iri neft sənayəsi və respublika mərkəzi kimi abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi. Botanika bağının elmi-tədqiqat müəssisəsi olması ilə əlaqədar olaraq 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsində P.V.Kovalskaya-İlinanın rəhbərliyi altında yaşıllaşdırma bölməsi təşkil olundu və bu bölmədə bitkilərin örtülü və açıq şəraitdə becərilməsi işinə başlanıldı.

 

1935-1938-ci illər ərzində burada institut binası, оranjereyalar, istiхanalar, bağın əmək­daşları üçün yaşayış binası, emalatхanalar və təsərrüfat binalarının  inşasına başlanıldı. Təşkil olunduğu 1936-cı ildən müstəqil təşkilat kimi fəaliyyət göstərdiyi 2000-ci ilədək Botanika bağı Botanika İnstitutunun şöbəsi olmuşdur. Botanika İnstitutunun ilk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı, akademik Aleksandr Alfonsoviş Qrossheym, Botanika bağının ilk direktoru isə Mixail Vasilyeviç Brjezitskiy təyin olunur. Bu vaxtdan etibarən Botanika bağının sahələrində Azərbaycan və ekzot floradan olan bitkilərin kolleksiyasının yaradılması ilə yanaşı, texniki, dərman bitkiləri üzərində elmi-tədqiqat işləri aparılır.

 

AMEA Rəyasət Heyətinin “Botanika bağının fəaliyyətinin yaxşılaşdırılması haqqında” 04 fevral 2000-ci il tarixli 7/2 saylı qərarı ilə Botanika bağı Botanika institutunun strukturundan ayrılaraq Biologiya Elmləri Bölməsinin nəzdində sərbəst elmi-tədqiqat müəssisəsinə çevrildi. AMEA Rəyasət Heyyətinin 22 noyabr 2000-ci il tarixli 22/9 saylı qərarı ilə Nəbatat bağının adı dəyişdirilərək «Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı» adlan¬dırıldı. Bağın Nizamnaməsi, Elmi şurası və elmi strukturu təsdiq edildi. Elmi Şuranın tərkibinə Nəbatat Bağının əməkdaşlarından əlavə, digər elmi idarə və müəssisələrin ixtisasçıları da cəlb edildi.

 

 

Hazırda Mərkəzi Nəbatat Bağının strukturunda İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi, “Ağac və kol bitkiləri”, “Nadir və nəsli kəsilməkdə olan bitkilər”, “Örtülü şəraitdə becərilən bitkilər”, “Çiçəkçilik” və “Bitkilərin mühafizəsi və monitorinqi” laboratoriyaları ilə yanaşı, “Toxumçuluq” və “Bitkilərin xəstəlik və ziyanvericilərinə qarşı mübarizə” sektorları fəaliyyət göstərir. Mərkəzi Nəbatat Bağında 130 əməkdaş, o cümlədən 29 nəfər elmi işçi çalışır ki, onlardan 1 nəfəri AMEA-nın müxbir üzvü, 3 nəfəri elmlər doktoru, 14 nəfəri isə fəlsəfə doktorudur.