Bu maraqlıdır!

Qalstuk taxmaq adəti necə yaranıb

Heç bilirsinizmi rəsmi kişi geyiminin əvəzedilməz aksesuarı olan qalstuk necə yaranıb ?


Qalstuk sözü dilimizə tərcüməsi “boyun dəsmalı” mənası verən “halstuch” alman sözündən daxil olub. Bir çox xalqların dilində isə fransız dilində olan “cravete” sözündən istifadə olunur. Bu söz isə xorvat xalqının adından götürülüb.


Kişilərin boyuna dəsmal bağlaması qədim dövrlərdən (Qədim Roma, Qədim Çin və sair) rast gəlinən bir hal olsa da , qalstukun populyarlaşması Fransa ilə bağlıdır.


17-ci əsrdə Fransa kralı 14-cü Lüdovikin diqqətini hərbi parad zamanı xorvat zabitlərinin boyunlarına bağlamış olduqları ipək boyun dəsmalları cəlb etdi. Bu aksesuar kralın o qədər xoşuna gəldi ki, özü də ondan istifadə etməyə başladı. Əsgərlərinə də belə bir boyun yaylıqlarını bağlamaq göstərişi verdi. Bu moda tezliklə Fransadan bütün Avropaya yayıldı və artıq 19-cu əsrdə bu aksesuardan hər kəs istifadə edirdi. 20-ci əsrin əvvəllərində isə qalstuklar hazırda mövcud olan formada istehsal edilməyə başladı.


Maraqlıdır ki, qalstuk bağlamağın ən azı 85 növü mövcuddur. Düyünləmənin üsulundan asılı olaraq bu növlərin hər birinin öz adı var. Ən populyar qalstuk düyünləri kimi “vindzor”, “yarıvindzor”, “kent”, “baltus”, “askot” və sair növləri göstərmək olar.