Görkəmli şəxsiyyətlər

Şarl Perro

12 yanvar 1628-ci il tarixində dünyaya göz açan Şarl qayğıkeş valideynlərin səyi nəticəsində artıq 8 yaşında kollecdə təhsil alırdı. Nə Şarl, nə də onun qardaşları bir dəfə də olsun cəzalandırılmamış və kolleci əlaçı kimi bitirmişdilər.


Kollecdən sonra Şarl 3 il ərzində hüquq elmlərinə yiyələnmiş və nəticədə hüquqşünas diplomu almışdır. 23-yaşında Parisdə advokat kimi karyerasına başlayan Şarl eyni vaxtda ədəbiyyata ciddi maraq göstərməyə başlayır və onun ədəbi fəaliyyəti kübar cəmiyyətdə nagıllara olan marağın artması dövrünə təsadüf edir.
O, kral XIV Lyudovikə və onun birinci nazirinə 20 il sədaqətlə qulluq etmiş, lakin bu çalışqanlığı ona şöhrətdən başqa heç nə gətirməmişdi. 1682-ci ildə nazirlə küsdükdən sonra o, istefaya getməyə məcbur olmuş, uzun illərin xidmətindən sonra heç bir mükafat almamışdır.


Lakin Perro şair kimi daha xoşbəxt idi. Nazirlikdəki işlərdən uzaqlaşan Perro öz qurtarmaq bilməyən enerjisinin hamısını ədəbiyyata verir. Fransa akademiyasının başında olan Şarl faydalı reformaları tək akademiyada deyil, hətta bütün ədəbiyyatda həyata keçirmək  istəyirdi. O öz əsərlərində müasirlərinə sübut edirdi ki, incəsənətdə artıq  köhnəlmiş nümunələrdən uzaqlaşmağın vaxtı gəlib çatıb, müasir və milli zəmində yazmaq lazımdır. Perro nağılın  böyük ədəbiyyata gəlməsi üçün qapıları açdı. Perrodan çox əvvəl nağıl kitabları çıxırdı, lakin bu janra heç kim ciddi yanaşmırdı, heç bir özünə hörmət edən adam özünü uşaq əyləncəsi olan nağıl oxumaqla alçaltmazdı. Perro isə yatmış gözəli və onunla birlikdə yuxuya getmiş bütün çarlığı öpüb oyadan şahzadə tək, yatmış nağıl çarlığına bir həyat və təzəlik nəfəsi gətirdi.


Lakin Perroda o vaxtkı dövrə görə çox nadir hal olan uşaqları sevmək hissi olmasaydı, nağıllar belə maraqlı olmazdı və indiyə qədər yaşamazdı. Həyat yoldaşının ölümündən sonra 4 uşağının tərbiyəsi ilə özünün məşğul olacağına qərar verməsi müasirlərinə çox qəribə gəlirdi. Perro isə bunu yalnız atalıq borcu hesab etdiyinə görə deyil, həm də uşaqlarla ona maraqlı və şən olduğuna görə edirdi. Onlar ailəsi ilə mehriban yaşayırdılar,  nağıl gecələri keçirirdilər ki, öz sevimli qəhrəmanlarının – Zoluşkanın, Qırmızı papağın, çəkməli pişiyin məcaralarını dönə - dönə danışırdılar. 
Şarl Perronun nağıllarının böyük hissəsi (məs. «Qırmızı papaq» «Zoluşka» «Uzunqulaq dərisi») Fransa xalq nağıllarının süjetləri əsasında yazılmışdı. «Kəkilli Riki»-nin tarixinə bir ispan romanında rast gəlmişdi, «Çəkməli pişik» isə İtalyada doğulmuşdur.


Perro süjeti dəyişməyərək xalq nağıllarının ümumi tərzini, onun qəhrəmanlarını dəyişdirmişdi, onun qəhrəmanları - kavalerlər və xanımlar, zərif, nəzakətli, incə və istehzalı idilər. Hər bir nağılda o, qısa «öyüd-nəsihət» verirdi.


Şarl Perronun nağılları indiyə qədər yaşayır. Onları hər yerdə oxuyurlar və həmişə oxuyacaqlar. Fransa yazıçısının nağılları bütün dövrlərdə bəstəkarların diqqətini cəlb edirdi. Onların içərisində ruslar da olublar. P.İ.Çaykovskinin «Yatmış gözəl» baleti, S.S.Prokofyevin «Zoluşka» baleti hamıya yaxşı tanışdır.