Dastanlar

Duxa qoca oğlu Dəli Domrul boyu

Deyilәnә görә, oğuzların arasında Duxa qoca oğlu Dәli Domrul deyilәn bir igid vardı. Quru bir çayın üzәrindә bir körpü saldırmışdı. Körpüdәn keçәndәn otuz üç axça, keçmәk istәmәyәndәn qırx axça alırdı. Bunu niyә belә edirdi? Ona görә ki, «Mәndən cәsur, mәndәn güclu bir igid varmı ki, çıxıb mәnimlә savaşsın?»—deyirdi; «mәnim cәsurluğumun, pәһlәvanlıq vә igidliyimin şöһrәti Ruma, Şama gedib çatmışdır»,—deyirdi. Bir gün körpünun yanında obanın bir bölük camaatı çadır qurmuşdu. Hәmin obada bir gözәl igid xәstәlәnmişdi. Allaһın əmri ilә o igid öldü. Kimi «oğul» deyә, kimi «qardaş» deyә ağladı. O igidin üstündә bәrk qara şivən qopdu. Gözlәnilmәdәn Dәli Domrul çaparaq yetişdi; dedi: «Ay әblәhlәr, nә ağlayırsız? Mәnim körpümün yanında bu hay-küy nәdir, niyә şivәn salmısız?» «Xan, bir yaxşı igidimiz öldü, ona ağlayırıq», dedilәr. Dәli Domrul dedi: «Aya, igidinizi kim öldürdü?» Dedilәr: «Vallah, igid bәy, Allah-taaladan buyruq oldu. Al qanadlı Әzrayıl o igidin canını aldı». Dәli Domrul dedi: «Eh, Әzrayıl dediyiniz nә kişidir ki, adamın canını alır? Ya qadir Allah, birliyin, varlığın xatirinә, Әzrayılı mәnim gözümә göstәr, vuruşum, gülәşim, döyüşüm— yaxşı igidlәrin canını almasın». Dәli Domrul qayıtdı, evinә gәldi.

Allah-taalaya Domrulun sözu xoş gәlmәdi.«Bax bir, dәli axmaq mәnim birliyimi tanımır, kömәyimә-kәrәmimә şükür eləmir. Mәnim böyük sarayımda gәzib mәğrurluq elәyir?»—dedi. Әzrayıla әmr etdi ki, ey Әzrayıl, get o dәli әbləhin dә gözünә görün, bәnizini saralt, xırıldadıb canını al! Dәli Domrul qırx igidlә yeyib-içib oturarkәn birdәn Әzrayıl gəlib çıxdı. Әzrayılı nә qapıçı gördü, nә gözәtçi. Dәli Domrulun görәn gözü görmәdi, tutan әllәrindә qüvvәt qalmadı. Dünya-alәm Dәli Domrulun gözündә qaraldı.

Dәli Domrul çağırıb söylәyir, görәk xanım, nә söylәyir,—dedi: Vay, nә heybәtli qocasan? Qapıçılar səni görmәdi, gözәtçilәr dә duymadı. Görən gözüm qaraldı, tutan әlim yoruldu. Canıma titrәtmә düşdü, Qızıl qәdәh әlimdәn yerә düşdü. Ağzım dondu buz kimi, Sümüklәrim ovuldu duz kimi, ay saqqalı ağ qoca, gözlәri domba qoca, vay, nә qorxunc qocasan, de mәnә! Qadam-balam toxunar bu gün sәnә! Belә deyәndә əzrayılın acığı tutdu. Dedi: Әdə, dәli әblәh! Gözümün dombalığını nә bәyәnmirsәn? Göyçәk gözlü qızların-gәlinlәrin, canını çox almışam! Saqqalımın ağlığını nә bәyәnmirsәn? Ağsaqqal, qarasaqqal igidlәrin canını çox almışam! Saqqalımın ağardığının mәnası budur! Ay dәli axmaq, öyünub deyirdin «al qanadlı Әzrayıl mәnim əlimә düşəydi, öldürәydim; yaxşı igidin canını onun әlindәn qurtaraydım». İndi, ay dәli, gәlmişәm ki, sәnin canını alım. Verirsәnmi, yoxsa mәnimlә döyüşürsәn?

Dәli Domrul dedi: «Aya, al qanadlı Әzrayıl sәnsәnmi?». «Bәli, mәnәm!»—dedi. «Bu yaxşı igidlәrin canını sәnmi alırsan?»—dedi. «Bәli, mәn alıram»—dedi. Dәli Domrul dedi; «Әdә, qapıçılar, qapını örtün! Ay Әzrayıl, mәn sәni gen yerdә axtarırdım, dar yerdә yaxşı әlimә keçmisәn, deyәsәn? Mәn indi səni öldürüm, yaxşı igidlәrin canını qurtarım!» Böyük qılıncını siyirdi, əlinә aldı. hücum etdi ki, Әzrayılı vursun. Әzrayıl bir göyәrçin olub, pәncәrәdәn uçdu-getdi.

İgid Dәli Domrul әlini әlinә çaldı, qah-qah güldü. Dedi: «İgidlәrim, Әzrayılın gözünü elә qorxutdum ki, gen qapını qoydu, dar bacadan qaçdı. Mәnim әlimdən göyәrçin kimi bir quş olub uçdu. Ay hay, mәn onu qızılquşa aldırmayınca qoyarammı canını qurtarsın?!» Durdu, atına mindi. şahini әlinә alıb, ardınca düşdü. Bir-iki göyәrçin öldürdü, döndü evinә gәlәrkәn Әzrayıl onun atının gözünә göründü. At ürkdü. Dәli Domrulu götürüb yerә vurdu. Qara başı fırlandı, huşsuz qaldı. Әzrayıl ağ köksünün üstünә qondu. Dәli Domrula mırıldanırdı. Sonra onu boğmağa başladı. Dәli Domrul dedi: Ay Әzrayıl, aman! Tanrının birliyinә şübhә yox, inan! Mәn sәni belә bilmәz idim. Oğru kimi can aldığını duymaz idim. Bizim böyük sahәli dağlarımız olur, o dağlarımızda bağlarımız olur. O bağların qara salxımlı üzümü olur. O üzümü sıxırlar, al şәrabı olur. O şәrabdan içәn sәrxoş olur. Sәrxoşdum, duymadım; nә dediyimi bilmәdim. Bәylikdәn usanmadım, igidlikdәn doymadım. Canımı alma, Әzrayıl, aman ver! Әzrayıl dedi; «Ay dәli axmaq, mәnә niyә yalvarırsan, Allah-taalaya yalvar. Mәnim әlimdә nә var? Mәn buyruq quluyam». Dәli Domrul dedi; «Bәs can verәn, can alan da Allaһdırmı?». «Bәli, odur!»—dedi. Әzrayıla dönüb dedi: «Bәs sәn nә iş görürsәn? Sәn aradan çıx, mәn Allah-taala ilә xәbәrlәşim», Dәli Domrul burada söylәmiş, görәk, xanım, nә söylәmiş:


Ucalardan ucasan, 
Kimsә bilmәz necәsәn. 
Gözәl tanrı, 
Neçә cahillәr sәni 
Göydә arar, yerdә istәr. 
Sәn möminlәr könlündәsәn.
Sәn böyüksәn, qüdrәtlisәn,
Әbәdi sirr sahibisәn.
Canımı alsan, özün al,
Qoyma, Әzrayıl alsın!


Dəli Domrulun sözü burada Allah-taalaya xoş gәldi. Әzrayılı çağırıb dedi ki, bu dәli mәnim birliyimi bildiyi, birliyimә şükür etdiyi üçün onun əvəzinә can tap; qoy Dәli Domrulun canı azad olsun! Әzrayıl dedi: «Ay Dәli Domrul, Allahın әmri belә oldu ki, Dәli Domrul öz canı yerinә can tapsın, onun canı azad olsun!» Dәli Domrul dedi: «Mәn canı necә tapım? Bir qoca atam, bir qarı anam var, gәl gedәk, ikisindәn biri bәlkә canını verdi, al, mənim canım qalsın!» Dәli Domrul durub atasının yanına gәldi. Atası dedi: Dünya şirin, can әzizdir. Canımı qıya bilmәrәm! Mәndәn әziz, mәndәn yaxın Anan vardır, get yanına! Dәli Domrul, atasından ümidi üzülüb, atını sürdü, anasının yanına gәldi. Dedi: Ana, bilirsәnmi, nәlәr oldu? Al qanadlı Әzrayıl göy üzündәn uçub gәldi, mәnim ağca köksümü basıb qondu, xırıldadıb canımı alır indi. Atamdan can istәdim, amma vermәdi. Sәndәn can istәyirәm, ana, canını mәnә verәrsәnmi, yoxsa «Oğul, Domrul!»—deyә ağlarsan? Anası dedi: Oğul, oğul, ay oğul! Doqquz ay dar qarnımda gәzdirdiyim oğul! Bәlәyini beşiklәrdә bәlәdiyim oğul! Dünya şirin, can әzizdir; Canımı qıya bilmәrәm, yәqin bil!—dedi. Anası da canını vermәdi. Belә deyәndә Әzrayıl Dәli Domrulun canını almağa gәldi. Dәli Domrul dedi: Ay Әzrayıl, aman! . Allahın birliyinә yox şübhә, inan! Әzrayıl dedi: «Ay dәli axmaq! Daha nә aman istәyirsәn? Ağ saqqallı atanın yanına getdin, canını vermәdi. Ağ birçәkli ananın yanına getdin, can vermәdi. Daha kim verәcәkdir?» Dәli Domrul dedi: «hәsrәtlim var, onunla görüşüm». Әzrayıl dedi: «Ay dәli, hәsrәtlin kimdir?» Dedi: «Yad qızı—arvadım var, ondan iki oğlum var; Әmanәtim var, onları tapşırım, ondan sonra mәnim canımı alarsan». Atını sürüb arvadının yanına gәldi. Dedi: Bilirsәnmi nәlәr oldu? Al qanadlı Әzrayıl göy üzündәn uçub gәldi. Mәnim ağca köksümü basıb qondu. Mәnim şirin canımı alır indi. Atama dedim, canını vermәdi, Anama dedim, canını vermәdi, «Dünya şirin, can şirin!» dedilәr. Qızıl tağlı uca evim sәnin kölgәliyin olsun! Qatar-qatar dәvәlәrim sәnin yüklüyün olsun! Yaylaqdakı ağ qoyunum sәnin şülәnliyin olsun! Gözün kimi tutursa, Könlün kimi sevәrsә, ona әrә get! İki oğlancığı yetim qoyma! Arvadı dedi: Can nәdir ki, sәnә qıya bilmәmişlәr? Yer şahid olsun, göy şahid olsun, Qüdrәtli tanrı şahid olsun, Mәnim canım sәnin canına qurban olsun!


Әzrayıl razılaşdı, qadının canını almağa gәldi. İgid Domrul ömür yoldaşına qıya bilmәdi. Burada Allah-taalaya yalvardı. Alırsansa, ikimizin canını birgә al! Sağ qoyursan, ikimizә dә rəhm et! Dәli Domrulun sözü Allaha xoş gәldi. Әzrayıla әmr etdi: «Dәli Domrulun ata-anasının canını al! Dәli Domrula vә arvadına yüz qırx il ömür verdim»,—dedi. Әzrayıl da dәrhal onun atasının-anasının canını aldı, Dәli Domrul ömür yoldaşı ilә yüz qırx il dә yaşadı. Dәdә Qorqud gəlib boy boyladı, soy soyladı. «Bu dastan Dәli Domrulun olsun. Mәndәn sonra igid ozanlar söylәsinlәr! Alnıaçıq, әliaçıq igid şәxslәr dinlәsinlәr!»—dedi, Xeyir-dua verәk, xanım: Köklü uca dağların yıxılmasın! Kölgәlik iri ağacın kәsilmәsin! Coşqun axan gözәl suyun qurumasın! Allah sәni namәrdә möhtac etmәsin! Ağ üzün qarşısında beş kәlmә dua qıldıq qәbul olunsun! Yığışdırıb saxlasın günahınızı, Gözәl adlı Mәhәmmədә bağışlasın, xanım, hey!!!!