Görkəmli şəxsiyyətlər

Azərbaycanda tarın ilk ifaçısı

Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin şeirə, sənətə, musiqiyə yüksək hörmət və ehtiram bəslədiyini eşidib-bilən sənət adamları bir çox Şərq ölkələrindən, xüsusən də, İranın və Zaqafqaziyanın müxtəlif vilayətlərindən bəzən, hətta dəstə-dəstə Şuşaya üz tutur, xanın mərhəmətinə, səxavətinə sığınırdılar. Qarabağ paytaxtına pənah gətirən onlarla şair, xanəndə, çalğıçı, memar və s. sənətkarlar dolanışıqlarını burda tapır, eyni zamanda, şəxsi fəaliyyətləri ilə Şuşanın mədəni inkişafına öz töhfələrini verir, pozulmaz imzalarını qoyurdular.

 

XIX yüzilliyin ilk illərində İrandan Qarabağa gəlmiş Əli Şirazi adlı bir tarzən də çox çəkmədən İbrahimxəlil xanın sevimli saray musiqiçilərindən birinə çevrildi. Onun Şuşaya gəlişi Azərbaycanın və eləcə də Zaqafqaziyanın musiqi həyatında bir yenilik və dönüş yaratdı.

 

Bu iranlı tarzən gələcəkdə musiqi alətlərimizin tacı sayılacaq öz sehrkar tarını xalq arasında geniş təbliğ etməyə başladı. Şuşada dövrün məşhur musiqiçiləri Molla Zeynalabdin Sağəri və Pərinaz oğlu Məhəmməd kimi sənət dostları tapdı, onlarla birlikdə tez-tez saray məclislərində, ziyafətlərdə, toylarda, dini mərasimlərdə çıxış etdi, musiqisevər qarabağlıların qəlbinə yol tapdı. Beləliklə, az müddətdə o, yerli camaatda bu çalğı alətinə böyük həvəs və məhəbbət oyatdı, tarı şuşalı gənclərə sevdirdi.

 

Bir neçə musiqi alətində, o cümlədən kamançada çalmağı bacaran və yaxşı səsi olduğundan toylarda, musiqi məclislərində oxuyan Ələsgər adlı şuşalı bir gənc də Əli Şirazinin tarda ifasına dəfələrlə qulaq asdı və onda bu çalğı alətində çalmağı öyrənmək həvəsi baş qaldırdı. O, Əli Şiraziyə şəyird durdu, tarın sirlərini öyrənməyə başladı, muğam ifaçılığını tezliklə və tamamilə mənimsədi.

 

Nəhayət, 1812-ci ildə Ələsgərin öz həmyerliləri qarşısında ilk çıxışı oldu, yenicə çalmağı öyrəndiyi musiqi alətini uğurla nümayiş etdirdi. Bu çıxışdan sonra müstəqil bir tarzən kimi fəaliyyətə başladı və beləliklə, Azərbaycanın ilk tarzəni adını qazanmaq şərəfi ona nəsib oldu. Çox çəkmədən Ələsgər Mehdiqulu xanın saray musiqiçiləri dəstəsinə qəbul olundu. Hələ bir neçə il əvvəl el arasında “Ağa”, “Mirzə” ləqəbi ilə çağırılan bu gəncin adının qarşısına bir söz də əlavə olundu: tarzən Ağa Mirzə Ələsgər.

 

Ağa Mirzə Ələsgər get-gedə təkmilləşdi, tarın sirlərinə, sehrinə yaxından bələd oldu. O, artıq bir müşayiətçi kimi də çıxış edirdi. Sənət dostu, kamançaçı Qaraçı Əsədlə birlikdə dövrün tanınmış xanəndələri Yusifi, Həsəncəni, Molla Zeynalabdin Sağərini və başqalarını tarda müşayiət etməyə başladı.

 

İlk azərbaycanlı tarzən Şuşada tarzənlər dəstəsi də yetişdirdi. Onun ilk şəyirdi Azərbaycanın musiqi tarixində novator bir tarzən kimi şöhrət tapmış və Sadıqcan adı ilə məşhurlaşmış Mirzə Sadıq Əsəd oğlu idi. Məşhur musiqişünas Kərbəlayı Xarrat Qulu Yusifinin şəyirdi olmuş Sadıqcan əvvəllər kamança çalır və xanəndəlik edirdi. Ancaq Ağa Mirzə Ələsgərin tarı Sadıqcanı elə ovsunlamışdı ki, o, kamançanı atmış və tar çalmağı öyrənməyi üstün tutmuşdu. Sadıqcan az müddətdə Mirzə Ələsgərdən tar çalmağı öyrənmiş və ustadını ötüb-keçmişdi. Şəyirdinin ifasını dəfələrlə dinləyən müəllimi söz düşəndə həmişə yaxşı mənada həsədlə deyirmiş: “Kaş mənim var-dövlətim Sadıqcanda, onun barmaqları isə məndə olaydı!..”

 

“Ustadına kəm baxmayan” Sadıqcan, doğrudan da, nəinki öz müəllimini ötüb-keçdi, hətta dövrünün bütün tarzənlərini kölgədə qoydu. O, virtouz tarzən olmaqla yanaşı, həm də yenilikçi sənətkar idi. Sadıqcan İran tarının quruluşunu dəyişdirdi, xeyli təkmilləşdirdi, artıq pərdələri atıb, on yeddi pərdə saxladı, səsini gücləndirmək üçün altı sim də əlavə edərək sayını on birə çatdırdı. Eyni zamanda, diz üstə çalınan tarı sinəyə qaldırdı. Beləliklə, o, İran tarını sıxışdırıb aradan çıxartdı və müasir Azərbaycan tarının ixtiraçısı oldu. Əlbəttə, müəllimi və ustadı Ağa Mirzə Ələsgərin də bu işdə böyük təsiri və rolu var idi.

 

Ağa Mirzə Ələsgərin başqa şəyirdləri də dövrünün tanınmış sənətkarları sırasında idilər. Şəkər oğlu Kərim, Dəmirçi Qulu, Cavad bəy Əli bəy oğlu Xənəzəyski, Məşədi Zeynal kimi məşhur tarzənlər sənətə müəllimləri Ağa Mirzə Ələsgərin xeyir-duası ilə gəlmişdilər. Onun şəyirdlərindən olan irəvanlı Ağamalı ağa hələ ustadının sağlığında məşhur tarzənlərdən hesab olunurdu.

 

Ağa Mirzə Ələsgər artıq bütün Zaqafqaziya musiqiçiləri arasında böyük şöhrət qazanmış, görkəmli bir tarzən kimi ad-san sahibi olmuşdu. Onun səsi-sorağı Yaxın Şərq ölkələrinə də yayılmışdı. İran hökmdarları Nəsrəddin şah Ağa Mirzə Ələsgəri tez-tez sarayında qurulan məclislərə çağırır, hər dəfə də bu el sənətkarının çalğısına heyran qalaraq onu qiymətli hədiyyələrlə mükafatlandırırdı. O, vaxtaşırı müxtəlif şəhərlərə də dəvət olunurdu. Görkəmli tarzən bir müddət Tiflisdə, Gəncədə və İrəvanda yaşamış, bu şəhərdə tar çalmağı dəb salmışdı. O, müxtəlif məclislərdə çıxış edir, bu sənətə həvəsi olan gənclərə tarın sirlərini öyrədirdi. Bir neçə il Şuşadan uzaqlarda yaşayan Ağa Mirzə Ələsgər doğma vətəninə qayıdaraq yenə də əvvəlki şövqlə, əvvəlki ehtirasla məclislərdə, toy-düyünlərdə çıxış etməyə başladı… Qocaman tarzən dünyasını dəyişənə qədər o dövrün gənc xanəndələrini öz tarı ilə müşayiət etdi.

 

XIX əsr musiqi mədəniyyəti tariximizə ilk azərbaycanlı tarzən kimi Ağa Mirzə Ələsgərin adı daxil oldu. Onun vəfatından sonra isə oğlu, dövrün ən məşhur və istedadlı sənətkarlarından olan görkəmli səhnə xadimi, xalq müəllimi və tanınmış musiqişünas Mirzə Muxtar Məmmədov atasının yolunu şərəf və ləyaqətlə davam etdirməyə başladı...